Zlatan İbrahimoviç 45 illik yubileyini qeyd edib və bu münasibətlə özünə olduqca bahalı hədiyyə alıb.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, hazırda “Milan”da məsləhətçi kimi fəaliyyət göstərən isveçli futbolçu “Ferrari F80” superkarının sahiblərindən birinə çevrilib. İtaliya istehsalı olan bu avtomobildən cəmi 799 ədəd buraxılıb.
“Ad günün mübarək, Zlatan”, – deyə İbrahimoviç sosial şəbəkədə avtomobillə bağlı paylaşdığı videoya qeyd edib.
İsveçlinin avtomobillərə olan marağı nəzərə alınaraq, “Ferrari F80” üçün ödədiyi 3,6 milyon avro (7,2 milyon manat) da diqqət çəkib.
Məlumata görə, superkar 1200 at gücünə malik V6 mühərriklə təchiz olunub. “Ferrari F80” 0-dan 200 km/saat sürətə cəmi 5,75 saniyəyə çatır.
Avtomobilin mühərrik arxitekturası 2023 və 2024-cü illərdə “Le-Manın 24 saatı” yarışında qalib gələn “Ferrari 499P” modelindən ilhamlanıb.
