Olise üçün “Bavariya”da böyük savaş: “Real” və “Liverpul” gözləyir

30 Sentyabr 2026 18:41
76
Olise üçün “Bavariya”da böyük savaş: “Real” və “Liverpul” gözləyir

“Bavariya” futbol klubu cinah oyunçusu Maykl Olise ilə yeni müqavilə üzrə çətin danışıqlara hazırlaşır.

İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi fransalı futbolçuya illik 25 milyon avro maaş təklif etməyə hazırdır. Bu məbləğ klubun ən yüksək maaşı olacaq. Hazırda yarımmüdafiəçi Camal Musiala və hücumçu Harri Keyn də ildə 25 milyon avro qazanırlar. Keynin müqaviləsinin uzadılması ilə bağlı rəsmi açıqlamanın beynəlxalq fasilədən dərhal sonra veriləcəyi gözlənilir.

Mənbənin məlumatına görə, nə Olise, nə də onun agenti Qlen Tveneboa futbolçunun gələcəyini “Bavariya” ilə uzunmüddətli şəkildə bağlamağa hazır olduqlarını bildiriblər. Olisenin hazırkı müqaviləsinə əsasən, o, mövsümə 14 milyon avro qazanır.

Futbolçunun ətrafından yayılan məlumatlara görə, Olise yeni müqaviləyə təzminat bəndinin daxil edilməsində israr edir. “Bavariya” isə hazırkı sözləşmədə də belə bir bəndin olması ilə bağlı xəbərləri təkzib edir.

Bildirilir ki, Almaniya çempionları məbləğ 200 milyon avrodan çox olacağı təqdirdə yeni müqaviləyə satınalma opsiyasının əlavə edilməsinə razılaşa bilərlər.

Məlumata görə, “Real Madrid” və “Liverpul” da Olisenin durumunu izləməyə davam edirlər.

İdman.Biz