Can Pyero Qasperinin taktiki yanaşmasına uyğun sol cinah hücumçusu axtaran “Roma” futbol klubu PSV-nin vingeri Ruben van Bommeli diqqətdə saxlayır.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Van Bommel mövsümə PSV-nin heyətində yaxşı başlayıb. O, keçirdiyi yeddi oyunda iki qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçu daha əvvəl “Az Alkmar”da da yaxşı təsir bağışlayıb və 19 yaşında ilk mövsümündə 10 qol vurduqdan sonra 15 milyon avroya PSV-yə transfer olunub.
Sağayaqlı olmasına baxmayaraq sol cinahda çıxış edən vinger sürəti, gücü və təkbətək mübarizələrdə birbaşa hücuma keçmək bacarığı ilə seçilir. Onun 1,92 metr boyu həm müdafiəyə kömək etməsinə, həm də cərimə meydançasına hücum etməsinə imkan verir.
Məlumata görə, “Roma” hələ danışıqlara başlamayıb, lakin yanvarda addım atmağı nəzərdən keçirə bilər. Dəyəri təxminən 25 milyon avro (50 milyon manat) qiymətləndirilən Van Bommelin transfer qiymətinin daha da artacağı gözlənilir.
22 yaşlı futbolçu Belçika millisinin baş məşqçisi, “Barselona”, “Bavariya” və “Milan”ın sabiq yarımmüdafiəçisi Mark van Bommelin oğludur. Ruben isə Almaniya və Serbiya ilə oyunlarda Niderland millisində debüt etdikdən sonra artıq öz adını tanıtmağa başlayıb.
