Braziliya millisinin hücumçusu Endrik futbolçuların üzləşdiyi təzyiq və çətinliklərlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, 20 yaşlı forvard futbolçu olmağın çətin peşə kimi təqdim edilməsinin doğru olmadığını bildirib.
“Biz böyük təzyiq altındayıq, amma futbolun bizə verdiklərinə görə minnətdar olmalıyıq. Təbii ki, ağrılı və təzyiqli anlar olur. Amma futbol bizə ailələrimizin həyatını dəyişdirə biləcək gözəl imkanlar verir”, - deyə Endrik bildirib.
Braziliyalı futbolçu adi insanların gündəlik həyatının daha çətin olduğunu vurğulayıb:
“Futbolçu olmaq çətin deyil. Çətin olan səhər saat 5-də oyanıb işə getmək, həftəboyu işləməkdir. Biz isə sevdiyimiz işi görürük, pul qazanırıq və ailəmizin həyatını dəyişə bilirik”.
Qeyd edək ki, Endrik hazırda Braziliya millisinin düşərgəsindədir. O, yığmanın Avstraliya ilə 1:1 hesablı başa çatan yoldaşlıq görüşündə start heyətində meydana çıxıb. Braziliya sentyabrın 29-da yenidən Avstraliya ilə, oktyabrın 3-də isə Hindistanla qarşılaşacaq.
