İngiltərənin “Mançester Siti” futbol klubu Premyer Liqadakı maliyyə işi ilə bağlı daha bir ciddi problemlə üzləşə bilər.
İdman.Biz “Šport”a istinadən xəbər verir ki, “Arsenal”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted” mümkün maliyyə itkilərinə görə “Mançester Siti”yə qarşı hüquqi iddia qaldırmaq imkanını araşdırırlar. Dörd klubun ümumi tələbi 800 milyon funta (1.8 milyard AZN) çata bilər.
Mənbənin məlumatına görə, bu klublar hələ 2024-cü ildə “Mançester Siti”nin maliyyə qaydalarının pozulmasında təqsirli bilinməsi halında hüquqi addım atmaq hüququnu özlərində saxlayıblar. Hazırda onların nümayəndələri mümkün kompensasiya tələblərini hesablayırlar.
Ən böyük tələbin “Tottenhem”dən gələ biləcəyi bildirilir. London klubunun bəzi mövsümlərdə Çempionlar Liqasına vəsiqə qazana bilməməsi ilə “Mançester Siti”nin həmin dövrdəki üstünlüyü arasında maliyyə əlaqəsi qurmağa çalışacağı qeyd olunur. “Tottenhem”in mümkün iddiasının təxminən 200 milyon funt təşkil edə biləcəyi yazılır.
Bununla belə, Premyer Liqa “Mançester Siti”nin 115 ittihamdan 114-ü üzrə təqsirli bilinməsi barədə yayılan məlumatı hələ rəsmi şəkildə təsdiqləməyib. Klub da mövqeyi ilə razılaşmır və apellyasiya prosesinin uzun müddət davam edə biləcəyi gözlənilir.
Qeyd olunur ki, digər klubların mümkün iddiaları Premyer Liqa ilə “Mançester Siti” arasında gedən əsas prosesdən ayrıca hüquqi mübahisə olacaq. Bu tələblərin nəticəsi klubların real maliyyə zərərini və onun “Mançester Siti”nin davranışı ilə birbaşa bağlılığını sübut edib-etməməsindən asılı olacaq.
