Avstriya Futbol Federasiyası İnfantinoya dəstəyini geri çəkdi

27 Sentyabr 2026 11:52
80
Avstriya Futbol Federasiyası İnfantinoya dəstəyini geri çəkdi

Avstriya Futbol Federasiyası (ÖFB) 2027-ci ildə keçiriləcək FIFA prezidenti seçkisi ilə bağlı mövqeyini dəyişib.

İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, ÖFB hazırkı FIFA prezidenti Canni İnfantinoya əvvəl verdiyi dəstəyi geri götürüb və bu məsələdə UEFA-nın mövqeyinə qoşulub.

FIFA prezidentliyinə namizədlərin irəli sürülməsi üçün son tarix 18 noyabrdır. UEFA və CONCACAF-ın İnfantinoya alternativ namizəd müəyyənləşdirmək imkanı var. UEFA üzv assosiasiyalarının 8-9 oktyabrda Berlində keçirəcəyi görüşdə mümkün namizədlə bağlı vəziyyətin daha da aydınlaşacağı gözlənilir.

ÖFB-nin Müşahidə Şurasının sədri Yozef Pröll FIFA rəhbərliyində dəyişiklik istədiklərini bildirib. O, quruma inteqrasiyaedici, futbolun inkişafını ön plana çəkən şəxsin rəhbərlik etməsinin vacibliyini vurğulayıb. Pröll həmçinin İnfantinoyla şəxsi münasibətlərində problem olmadığını, lakin son qərarlarla bağlı ciddi sualların yarandığını deyib.

Məqalədə FIFA-nın dünya çempionatı ilə bağlı kommersiya planları və ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının dəyişdirilməsi ÖFB rəhbərliyinin narazılığına səbəb olan məsələlər sırasında göstərilib.

İnfantino 2027-ci ilin martında keçiriləcək seçkidə yenidən namizəd olacağını açıqlayıb. UEFA və CONCACAF birlikdə FIFA-nın 211 səsvermə hüququna malik üzvündən 90-nı təmsil edir. Pröllün sözlərinə görə, hazırda müxtəlif variantlar və mümkün səs nisbətləri müzakirə olunur.

İdman.Biz