İngiltərənin “Mançester Yunayted” futbol komandası “Barselona”nın sol cinah müdafiəçisi Alexandro Baldeyə marağını davam etdirir.
İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisi 22 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir və yanvar transfer pəncərəsində onun keçidi üçün yenidən hərəkətə keçə bilər.
“Mançester Yunayted” yay transfer pəncərəsində də Baldeni heyətinə qatmağa çalışıb. İngiltərə klubu son günlərədək ispaniyalı müdafiəçinin transferi üzərində işləsə də, keçid baş tutmayıb.
Baldenin “Barselona”dakı mövqeyi də onun gələcəyi ilə bağlı sualları artırıb. Müdafiəçi cari mövsümün əvvəlində əsas heyətdə yerini itirib və baş məşqçi Hans-Diter Flikin seçimlərində Joao Kanselo ondan öndə olub. İspaniya millisinin üzvü mövsümün ilk mərhələsində çox az oyun vaxtı əldə edib.
Qeyd edək ki, Balde “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında 160-dan çox matç keçirib. Futbolçu ilə “Mançester Yunayted”dən başqa “Liverpul” və “İnter”in də maraqlandığı bildirilir.
