“Barselona”nın böyük arzusu: “Final burada oynanılmalıdır”

27 Sentyabr 2026 00:34
73
“Barselona”nın böyük arzusu: “Final burada oynanılmalıdır”

Yenilənmiş “Kamp Nou”nun 2029-cu il UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcəyinin təsdiqlənməsi “Barselona”da 2030-cu il Dünya Çempionatının finalı ilə bağlı gözləntiləri artırıb.

İdman.Biz "Goal"a istinadən xəbər verir ki, İspaniya, Portuqaliya və Mərakeşin birgə təşkil edəcəyi mundialın finalına ev sahibliyi uğrunda “Kamp Nou” ilə yanaşı, Kasablankadakı “Hassan II” və Madriddəki “Santyaqo Bernabeu” stadionları mübarizə aparır.

Kataloniya hökuməti və “Barselona” finalın “Kamp Nou”da keçirilməsi üçün namizədliyi fəal şəkildə dəstəkləyir. Kataloniya hökumətinin idman naziri Berni Alvares stadionun şanslarını yüksək qiymətləndirib.

“Kamp Nou” final üçün ən möhtəşəm səhnədir. Mən quru nikbinlikdən deyil, real faktlardan çıxış edirəm. İnanıram ki, “Spotify Camp Nou” 2030-cu il Dünya Çempionatının finalı üçün ideal məkandır”, - deyə Alvares bildirib.

O, namizədliyin hazırlanması prosesində Barselona şəhər meriyası və klubla sıx əməkdaşlıq etdiklərini də vurğulayıb.

“Şanslarımız olacaq, çünki məsələ doğru zamanda doğru yerdə olmaqla bağlıdır. Bəlkə də qərar tamamilə bizim səylərimizin miqyasından asılı olmayacaq. Lakin indiyədək atdığımız addımlardan çox məmnunam”, - deyə nazir əlavə edib.

FİFA isə hələ 2030-cu il Dünya Çempionatının finalının keçiriləcəyi stadionla bağlı yekun qərar verməyib. Mərakeş Futbol Federasiyasının prezidenti Fuzi Lekjaa Kasablankadakı “Hassan II” stadionunun finala ev sahibliyi edəcəyini açıq şəkildə dəstəkləyir. Hazırda tikintisi davam edən arenanın 2027-ci ilin sonunda istifadəyə verilməsi və 115 min tamaşaçı tutumuna malik olması planlaşdırılır.

Madrid meri Xose Luis Martines-Almeyda da “Santyaqo Bernabeu”nun şanslarını yüksək qiymətləndirməyib və Mərakeşin finalı qəbul etmək üçün ciddi şəkildə mübarizə apardığını bildirib.

“Barselona” prezidenti Joan Laporta isə klubunun namizədliyinə əminliyini ifadə edib.

“Dünya Çempionatının finalı nə Kasablankada, nə də Madriddə keçirilməlidir. O, “Kamp Nou”nun ot örtüyündə oynanılmalıdır”, - deyə Laporta bildirib.

O, stadionun 105 min tamaşaçı tutumunun FİFA tərəfindən nəzərə alınmalı əsas amillərdən biri olduğunu qeyd edib. Laporta həmçinin 1982-ci il Dünya Çempionatının finalının Madriddəki “Santyaqo Bernabeu”da keçirildiyini xatırladaraq, 2030-cu il finalının İspaniyada təşkil olunmasının tərəfdarı olduğunu vurğulayıb.

İdman.Biz