Azarkeşlərin etirazı “Borussiya”nı sponsorundan imtina etməyə məcbur etdi

13 Noyabr 2026 23:42
44
Azarkeşlərin etirazı “Borussiya”nı sponsorundan imtina etməyə məcbur etdi

Dortmund “Borussiya”sı Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall” ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib.

İdman.Biz xəbər verir ki, klub 2027-ci ildə başa çatacaq müqaviləni yeniləməyəcək. Buna səbəb azarkeşlərin silah istehsalçısı ilə əməkdaşlığa etiraz etməsidir.

Tərəflər arasında üçillik müqavilə 2024-cü ildə imzalanıb. Lakin bu əməkdaşlıq ilk gündən azarkeşlər arasında narazılıq yaradıb. Fanatların bir qismi stadionda və onun ətrafında etiraz aksiyaları keçirərək sponsorluq müqaviləsinə qarşı pankartlar nümayiş etdirib.

“Borussiya”nın baş direktoru Karsten Kramer rəhbərliyin azarkeşlərin mövqeyini nəzərə aldığını təsdiqləyib. Onun sözlərinə görə, ümumi yığıncaqda 2027-ci ildən sonra müqavilənin uzadılmaması qərara alınıb.

Kramer sponsorla əməkdaşlığın dayandırılmasının klubun maliyyə imkanlarına mənfi təsir göstərəcəyini də etiraf edib. O, sponsorluq gəlirlərinin itirilməsinin “Borussiya”nın maliyyə çevikliyini məhdudlaşdıracağını, lakin rəhbərliyin alternativ gəlir mənbələri tapmağa çalışacağını bildirib.

Qeyd edək ki, “Rheinmetall” Almaniyanın ən böyük silah istehsalçısıdır. Şirkət zirehli texnika, artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri və döyüş sursatlarının istehsalı ilə məşğuldur.

İdman.Biz