Makron Vengeri FIFA prezidenti görmək istəyir

13 Noyabr 2026 23:31
33
Makron Vengeri FIFA prezidenti görmək istəyir

Fransa Prezidenti Emmanuel Makron “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin FIFA prezidentliyinə namizədliyini dəstəkləməyə hazırdır.

İdman.Biz xəbər verir ki, Makron bu barədə fransalı mütəxəssisə təklif göndərib. O, Vengerin hazırkı FIFA prezidenti Canni İnfantino ilə rəqabət aparacağı təqdirdə seçki kampaniyasına dəstək vermək niyyətindədir.

Fransa lideri digər dövlət başçıları ilə də danışıqlar apararaq onların Vengerin namizədliyini dəstəkləməsinə çalışacağını bildirib.

Məlumata görə, Makron 76 yaşlı mütəxəssislə əlaqə saxlayaraq onu FIFA prezidentliyinə namizədliyini irəli sürməyə razı salmağa çalışıb. Namizədlik üçün müraciətlərin qəbulu noyabrın 18-də başa çatacaq. Lakin Vengerin seçkidə iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Danışıqlardan məlumatlı mənbə isə Makronun dəstəyinin Vengerə nə dərəcədə fayda verəcəyinə şübhə ilə yanaşıb. Buna səbəb kimi Fransanın bəzi keçmiş Afrika müstəmləkələrində mənfi qarşılanması göstərilib.

İdman.Biz