“Qarabağ”ın futbolçusu 90 dəqiqə oynadı, Mozambik evdə məğlub oldu

14 Noyabr 2026 01:06
27
“Qarabağ”ın futbolçusu 90 dəqiqə oynadı, Mozambik evdə məğlub oldu

Mozambik millisi 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində ilk məğlubiyyətini alıb.

İdman.Biz xəbər verir ki, yığma üçüncü turda Efiopiyanı qəbul edib. Maputudakı “Zimpeto” Milli Stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mozambik millisinin heyətində “Qarabağ”ın müdafiəçisi Bruno Lanqa da iştirak edib. Start heyətində meydana çıxan 29 yaşlı futbolçu görüşü əvəzolunmadan keçirib.

“Zirə”nin yarımmüdafiəçisi Rikardo Martins Quima isə milli komandaya dəvət alsa da, qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Bu məğlubiyyətə baxmayaraq, Mozambik üç oyundan sonra dörd xalla J qrupunda ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Mozambik növbəti qarşılaşmasını noyabrın 17-də yenidən Efiopiyaya qarşı, bu dəfə səfərdə keçirəcək.

İdman.Biz