“Barselona”dan ayrılan futbolçu Fliklə gizli söhbətini açıqladı

13 Noyabr 2026 23:59
34
“Barselona”dan ayrılan futbolçu Fliklə gizli söhbətini açıqladı

“Barselona”nın sabiq müdafiəçisi Aleks Valle Kataloniya klubundan ayrılmasının səbəblərini açıqlayıb.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, hazırda İtaliyanın “Komo” klubunda çıxış edən 22 yaşlı futbolçu baş məşqçi Hans-Diter Fliklə söhbətindən və karyerasında verdiyi qərarlardan danışıb.

İspaniyanın U-21 millisinin düşərgəsində müsahibə verən Valle 2024-cü ilin yayında “Levante”dəki icarə müddətindən sonra “Barselona”ya qayıtdığını xatırladıb. O, mövsümöncəsi hazırlıqda Flikin rəhbərliyi altında məşq edib. Almaniyalı mütəxəssis futbolçunu sağ cinah müdafiəçisi mövqeyində də sınayıb.

Lakin Alexandro Balde və Jerar Martinin komandada olması Vallenin əsas heyətdə müntəzəm çıxış etmək imkanlarını məhdudlaşdırıb. Müdafiəçi həmin dövrdə yaşadıqlarını belə xatırlayıb:

“Əsas komandada qalıb-qalmayacağıma əmin deyildim. Ola bilərdi ki, “Barselona B”də oynayım. Fliklə özümü çox yaxşı hiss edirdim. Onu məşqçi kimi çox bəyənirəm, ideyaları da xoşuma gəlirdi”.

Valle almaniyalı mütəxəssislə söhbətindən sonra Şotlandiyanın “Seltik” klubuna keçmək qərarı verdiyini bildirib:

“Fliklə çox səmimi və açıq söhbətimiz oldu. “Seltik” variantım var idi. Çempionlar Liqasında oynamaq və yenidən başqa kluba getmək imkanı yaranmışdı. Mən də bu fürsətdən istifadə etdim”.

Futbolçu 2025-ci ilin yanvarında “Seltik”dən “Komo”ya icarəyə göndərilib. İtaliya A Seriyasında 15 oyuna çıxan, bunlardan 12-sinə əsas heyətdə başlayan Valle uğurlu çıxışı ilə klub rəhbərliyinin etimadını qazanıb. “Komo” həmin il iyunun 3-də onun müqaviləsindəki altı milyon avroluq sərbəstqalma məbləğini ödəyərək transferi rəsmiləşdirib. Müdafiəçi ilə 2029-cu ilədək müqavilə imzalanıb.

Valle “Barselona”dan ayrıldığına görə peşman olmadığını vurğulayıb:

“Heç nəyi dəyişmək istəməzdim. “Barselona”da qalmaq imkanım var idi, amma bu gün heç nəyə görə peşman deyiləm. Çünki çox fərqli hadisələr yaşamışam, yeni təcrübələr qazanmışam və müxtəlif həyat tərzləri ilə tanış olmuşam”.

İspaniyalı müdafiəçi “Komo”nun baş məşqçisi Sesk Fabreqas haqqında da müsbət fikirlər səsləndirib:

“Sesklə futbol haqqında danışanda və o, ideyalarını izah edəndə nə qədər iddialı olduğunu anlayırsan. Onun qalib gəlmək istəyən və heç kimdən, heç nədən qorxmayan düşüncə tərzi var”.

İdman.Biz