Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı dövrünün başa çatması və kapitanlıq məsuliyyəti barədə danışıb.
İdman.Biz “Record” nəşrinə istinadən xəbər verir ki, futbolçu UEFA Millətlər Liqasında Danimarka ilə keçiriləcək beşinci turun qarşılaşmasından əvvəl Ronaldunun Portuqaliya futboluna verdiyi töhfələri yüksək qiymətləndirib.
“Ronaldudan sonrakı dövr? Kriştianu uzun yol keçib. Mənə 12 il onun yanında olmaq nəsib olub. Əlbəttə, bu, çox təəssüf doğurur, amma həmin gün gec-tez gəlməli idi. Biz Kriştianunun milli komanda üçün etdiklərinə layiq olduğu qiyməti verməyə və ona minnətdarlığımızı bildirməyə çalışaraq yolumuza davam edirik. Yeni nəsil gəlir, həyatın qanunu belədir”.
Silva kapitanlıq sarğısını daşımağın böyük qürur olduğunu, lakin komandadakı məsuliyyətin yalnız bir futbolçunun üzərinə düşmədiyini vurğulayıb:
“Kapitanlıq böyük qürur mənbəyidir. Məsuliyyət təkcə bir futbolçunun çiyinlərində deyil. Həmişə belə olub və bundan sonra da belə olacaq. Bu məsuliyyət daha təcrübəli oyunçular arasında bölüşdürülür”.
Yarımmüdafiəçi gənc futbolçulara dəstəyin vacibliyini də qeyd edib:
“Gənc oyunçuların komandaya uyğunlaşmasına kömək etmək, paltardəyişmə otağında sağlam mühit yaratmaq, milli komandada işə münasibət və fədakarlıq baxımından ən yüksək standartları qorumaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Portuqaliya - Danimarka qarşılaşması noyabrın 14-də Braqadakı “Munisipal de Braqa” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
