FIFA prezidenti Canni İnfantinonun quruma üzv olan 211 milli federasiyaya göndərdiyi məktub Almaniyada sərt reaksiyaya səbəb olub.
İdman.Biz xəbər verir ki, Almaniya Futbol İttifaqının (DFB) prezidenti Bernd Noyendorf FIFA rəhbərinin qərarvermə prosesinin müstəqil şəkildə yoxlanılması ilə bağlı təşəbbüsünə şübhə ilə yanaşıb.
İnfantino məktubunda FIFA-nın mühüm qərarlarının necə qəbul edilməsinin müstəqil xarici qurum tərəfindən nəzərdən keçirilməsini təklif edib. O, eyni zamanda konfederasiyalar, milli federasiyalar və digər maraqlı tərəflərlə məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıb. FIFA prezidentinin fikrincə, bu addımlar təşkilatda şəffaflığı və hesabatlılığı gücləndirə bilər.
Lakin FIFA Şurasının da üzvü olan Noyendorf bu təşəbbüsün arxasında başqa məqsəd gördüyünü bildirib:
“Canni İnfantinonun məktubunu gələn il yenidən seçilməsini təmin etmək üçün atılmış açıq addım hesab edirəm. FIFA dəyişikliklərin zəruri olduğunu anlayıb. Amma islahat prosesini həyata keçirmək üçün Canni İnfantino uyğun şəxs deyil. O, bütün etibarını itirib”.
“Onet” portalı yazır ki, Niderland Futbol Federasiyası İnfantinonun bəzi təkliflərinin daha əvvəl irəli sürdükləri tələblərlə üst-üstə düşdüyünü açıqlasa da, FIFA rəhbərliyinə etimadın hələ bərpa olunmadığını qeyd edib. İsveç tərəfi də nəzərdə tutulan addımları gecikmiş və yetərsiz hesab edib.
Məsələ FIFA üçün gərgin dövrə təsadüf edir. İyulda qurum kommersiya hüquqlarının, o cümlədən dünya çempionatları ilə bağlı hüquqların 20 faizinin özəl investorlara satılması planından imtina edib. UEFA, Asiya Futbol Konfederasiyası və CONCACAF həmin layihəyə etiraz edərək kifayət qədər məsləhətləşmə aparılmadığını bildiriblər.
Qeyd edək ki, Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə FIFA prezidenti postuna növbəti müddət üçün namizədliyini irəli sürməyi planlaşdırır.
