Azərbaycan AVRO-2028-in seçmə mərhələsində neçə oyun keçirəcəyini artıq bilir - İDMAN.BİZ-in İCMALI

13 Noyabr 2026 17:30
44
Azərbaycan AVRO-2028-in seçmə mərhələsində neçə oyun keçirəcəyini artıq bilir - İDMAN.BİZ-in İCMALI

Azərbaycanın futbol millisi 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin dekabrın 6-da Belfastda təşkil olunacaq püşkatmasında beş komandadan ibarət qrupa düşəcək.

İdman.Biz xəbər verir ki, bu, UEFA-nın seçmə mərhələnin reqlamentindən və komandaların səbətlər üzrə bölgüsündən irəli gəlir.

Seçmə mərhələdə 54 milli komanda iştirak edəcək. Onlar 12 qrupa bölünəcəklər. Qrupların altısı dörd, digər altısı isə beş komandadan ibarət olacaq. İlk dörd səbətdə 12, beşinci səbətdə isə cəmi altı komanda yer alacaq.

Azərbaycan millisi Malta, Litva, Cəbəllütariq, Andorra və Lixtenşteynlə birlikdə məhz beşinci səbətdə qərarlaşacaq. Bu komandaların hamısı UEFA Millətlər Liqasının D divizionunda çıxış edir.

Püşkatma zamanı ilk dörd səbətdəki komandalar qruplara bölüşdürüldükdən sonra beşinci səbətdəki altı kollektiv yalnız beş komandadan ibarət qruplara yerləşdiriləcək.

Beləliklə, Azərbaycan millisi AVRO-2028-in seçmə mərhələsində dördü evdə, dördü səfərdə olmaqla, ümumilikdə səkkiz oyun keçirəcək. Millətlər Liqasında qalan görüşlərin nəticələri də yığmamızın püşkatma zamanı yer alacağı səbətə təsir göstərməyəcək.

Reqlamentdə diqqətçəkən başqa bir məqam da var. Qrupdaxili yekun sıralama müəyyənləşdirilərkən komandaların keçirdikləri səkkiz oyunun hamısının nəticəsi nəzərə alınacaq. Lakin müxtəlif qruplarda eyni yeri tutan yığmalar müqayisə edilərkən beşinci yeri tutmuş komandaya qarşı oyunların nəticələri hesablamadan çıxarılacaq. Bununla da dörd və beş komandadan ibarət qruplarda mübarizə aparan kollektivlər üçün bərabər şərait yaradılacaq. Çünki dörd komandadan ibarət qruplarda yığmalar altı, beş komandadan ibarət qruplarda isə səkkiz oyun keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan millisi 2026-cı il dünya çempionatının son seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya ilə birlikdə dörd komandadan ibarət qrupda mübarizə aparıb və altı oyun keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv həmin seçmə mərhələni bir xalla sonuncu pillədə başa vurub.

AVRO-2024-ün seçmə mərhələsində isə millimiz beş komandadan ibarət qrupda yer alıb. Rəqiblərimiz Belçika, Avstriya, İsveç və Estoniya olub. Azərbaycan seçmə mərhələni yeddi xalla dördüncü pillədə başa vurub.

AVRO-2028-in seçmə mərhələsinin ilk oyunları 2027-ci ilin martında keçiriləcək. Beş komandadan ibarət qruplarda yer alan yığmalar, o cümlədən Azərbaycan millisi mübarizəyə həmin vaxt başlayacaq. Dörd komandadan ibarət qruplarda çıxış edəcək komandalar isə sentyabrda seçmə mərhələyə qoşulacaqlar. Mart ayındakı beynəlxalq fasilə zamanı onların bir qismi Millətlər Liqasının 1/4 final və pley-off oyunlarında iştirak edəcək, digər komandalar isə yoldaşlıq görüşləri keçirə biləcəklər.

Xatırladaq ki, seçmə mərhələnin 12 qrupunun qalibi və ikinci yeri tutan komandalar arasında ən yaxşı nəticə göstərmiş səkkiz yığma birbaşa Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Qalan iştirakçıların taleyi isə turnirin ev sahibi ölkələr üçün nəzərdə tutulan ehtiyat vəsiqələri və pley-off oyunlarının nəticələri əsasında müəyyənləşəcək.

AVRO-2028-ə İngiltərə, Şotlandiya, Uels və İrlandiya ev sahibliyi edəcək.

İdman.Biz