“Komanda hazırda turnir cədvəlində daha üst pillədə qərarlaşa bilərdi. Düşünürəm ki, bəzi qarşılaşmalarda fərqli nəticələr əldə etmək imkanımız var idi”.
Bu sözləri “Sumqayıt”ın futbolçusu Tiaqo Almeyda deyib.
24 yaşlı portuqaliyalı futbolçu komandasının Misli Premyer Liqasının ilk dövrəsindəki çıxışını dəyərləndirib.
“Ümumilikdə, komandamızın mövsümün əvvəlindən inkişaf mərhələsində olduğunu düşünürəm. Bəzi matçlarda gözlənilməz nəticələrlə üzləşdik. Həmçinin komandanın heyəti bir qədər gec formalaşdı. Buna görə də futbolçuların bir-birinə uyğunlaşması üçün kifayət qədər vaxtımız olmadı. Düzünü desəm, həm çempionata, həm də komandaya uyğunlaşma prosesim asan keçdi. “Sumqayıt”da yaxşı komanda yoldaşları qazandım. Məşqçi heyəti də kollektivə uyğunlaşmağım üçün mənə kömək etdi. Onların dəstəyi bu prosesi daha da asanlaşdırdı. Azərbaycanda futbolun səviyyəsi kifayət qədər yüksəkdir. Burada güclü klublar və yaxşı futbolçular var. Ölkənizə gəlməmişdən əvvəl də Azərbaycan futbolunun belə səviyyədə olduğunu bilirdim”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Sumqayıt” Misli Premyer Liqasının turnir cədvəlində 10 xalla doqquzuncu pillədə qərarlaşıb.
