Laportadan “Atletiko”ya “and içərəm, amma sübut edə bilmərəm” reaksiyası

20 Sentyabr 2026 15:08
90
Laportadan “Atletiko”ya “and içərəm, amma sübut edə bilmərəm” reaksiyası

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laporta yay transfer pəncərəsində Xulian Alvares ətrafında yaşanan prosesə yenidən münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunu “Atletiko”dan transfer etmək istəyib. Alvares daha sonra klubdan ayrılmaq üçün rəsmi müraciət etsə də, keçid baş tutmayıb və futbolçu Madriddə qalıb.

Laporta “Atletiko”nun danışıqlar prosesindəki reaksiyasını anlaşılmaz adlandırıb:

“Onlar narazılıq göstərdilər, amma bu münasibəti əsaslandırmaq üçün heç bir səbəbləri yox idi. Klublar arasında danışıqlar gedirdi və “Atletiko” alternativ tapmadan Alvares gəlməyəcəkdi. Sonra birdən-birə yersiz reaksiya verdilər. Bunun səbəbini bilmirəm. Şübhəm var, amma sübutum yoxdur”.

“Barselona” prezidenti daha sonra Madrid klubunun “əsl simasını göstərdiyini” söyləyib. Laportanın sözlərinə görə, “Atletiko” özünü zərərçəkən tərəf kimi təqdim edib, halbuki kataloniyalılar klublar arasında transfer danışıqları zamanı normal prosedura əməl ediblər.

Laporta “Atletiko”nun Alvaresi dünyanın istənilən klubuna sata biləcəyi, amma “Barselona”ya verməyəcəyi barədə məlumatlar eşitdiklərini və nəticədə bunun həqiqətən də belə olduğunu bildirib. O, buna baxmayaraq, artıq məsələnin geridə qaldığını və hazırkı heyətdən razı olduqlarını vurğulayıb.

Qeyd edək ki, Xulian Alvares yay transfer pəncərəsində “Atletiko”dan ayrılmaq istəyini rəsmiləşdirsə də, transfer baş tutmayıb və o, Madrid klubunda qalıb.

İdman.Biz