UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə Liqa mərhələsinin dördüncü turuna yekun vurulub. Fransa təmsilçisi PSJ turnir cədvəlində liderliyini qoruyub, Azərbaycanın “Sabah” klubu isə 31-ci pillədə qərarlaşıb.
İdman.Biz xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi Paris klubu keçirdiyi dörd oyunun hamısında qalib gələrək maksimum nəticə göstərib və 12 xal toplayıb.
Eyni xala malik “Real Madrid” ikinci yerdədir. PSJ daha yaxşı top fərqinə görə İspaniya təmsilçisini qabaqlayır. Parislilərin top fərqi +15, Madrid klubunun isə +6-dır.
İlk üçlüyü 10 xalla Londonun “Arsenal” klubu tamamlayır.
Turnir cədvəlinin ilk səkkizliyində “Komo”, “Barselona”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul” da yer alıblar. Bu komandaların hər biri dörd turdan sonra doqquz xal toplayıb.
Birbaşa 1/8 finala vəsiqə verən ilk səkkizlikdən kənarda isə Avropanın bir sıra tanınmış klubları qərarlaşıb. Münhen “Bavariya”sı səkkiz xalla 13-cü, Milan “İnter”i altı xalla 15-ci, “Mançester Yunayted” isə eyni xalla 17-ci yerdədir.
Türkiyənin “Qalatasaray” klubu altı xalla 18-ci pilləni tutur. Türkiyənin digər təmsilçisi “Fənərbağça” beş xalla 19-cu pillədə qərarlaşıb. Ukraynanın “Şaxtyor” klubu isə dörd oyunda topladığı dörd xalla 21-ci yerdədir.
Madrid “Atletiko”su dörd xalla 23-cü, İtaliyanın “Napoli” klubu isə üç xalla 27-ci sıradadır.
Azərbaycan çempionu “Sabah” Norveçdə “Vikinq”ə 1:4 hesablı məğlubiyyətdən sonra 31-ci pillədə qərarlaşıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda dörd oyunda üç xal toplayıb.
Turnir cədvəlinin sonuncu pilləsində Slovakiyanın “Slovan” klubu yer alır. Dörd görüşün hamısında məğlub olan komandanın top fərqi 1:17-dir.
Qeyd edək ki, Çempionlar Liqasının reqlamentinə əsasən, Liqa mərhələsini ilk səkkiz pillədə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerləri tutan klublar pley-off mərhələsində mübarizə aparacaqlar. Digər komandalar isə turnirlə vidalaşacaqlar.
