“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda Norveçin “Vikinq” klubuna səfərdə 1:4 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının qarşılaşmaya yaxşı hazırlaşdığını, lakin ikinci hissədə yol verilən səhvlərin nəticəyə təsir etdiyini bildirib.
“Bu, Çempionlar Liqasıdır və tamamilə fərqli səviyyədir. Norveçə mümkün qədər yaxşı hazırlaşaraq gəlmişdik. İlk hissədə bərabər mübarizə getdi. Hər iki komandanın bir qol imkanı oldu və bundan yararlandılar. İkinci hissədə isə oyun daha açıq keçdi. Biz daha çox top itirməyə başladıq, rəqib isə təkbətək mübarizələrə daha tez-tez girirdi. Belə vəziyyətlərdə topu daha sürətli ötürmək və çevik hərəkət etmək lazımdır. Bəzi epizodlarda bunu bacarmadıq”.
Dambrauskas komandasının “Turan Tovuz”a 2:3 hesablı məğlub olduğu qarşılaşmadan fərqli olaraq, bu dəfə eyni taktiki səhvlərə yol verdiyini düşünmədiyini deyib:
“Hər iki komanda hücum edirdi. Təəssüf ki, belə hücumlardan birindən sonra qapımıza penalti təyin olundu. Buna baxmayaraq, bərabər mübarizə davam edirdi. Qırmızı vərəqə və ardınca buraxdığımız qol oyuna təsir göstərdi. Yenə də hücum etməyə çalışırdıq, hətta daha bir qol vura bilərdik, amma rəqib qapıçı buna imkan vermədi. Oyunun sonundakı səhv isə futbolda baş verə bilər. Dördüncü qolu buraxdıq. Çempionlar Liqasında kiçik səhvlərə görə belə cəzalanırsan. “Turan Tovuz”la oyunda 0:2 hesabı ilə geridə olsaq da, dönüş etməyə çalışırdıq. Burada isə qırmızı vərəqəyə qədər bərabər oyun gedirdi”.
Baş məşqçi 77-ci dəqiqədə meydandan kənarlaşdırılan Eyden Makkartinin hərəkətinə də münasibət bildirib. O, futbolçunun əvvəlki oyunda qol vurmasının və bu qarşılaşmaya böyük istəklə çıxmasının qırmızı vərəqə almasına səbəb olduğu fikri ilə razılaşmadığını deyib:
“Futbolda qırmızı vərəqə alan sonuncu oyunçu Makkarti olmayacaq. Belə hallar hər bir futbolçunun başına gələ bilər. Təəssüf ki, “Barselona” ilə qarşılaşmada onun xidmətindən yararlana bilməyəcəyik”.
Dambrauskas qırmızı vərəqə ilə nəticələnən epizoddan əvvəl komandasının topu rəqibə qaytarmaması barədə də danışıb. Onun sözlərinə görə, bu hərəkət qəsdən edilməyib:
“Biz bunu qətiyyən etmək istəmirdik. Həmin vaxt oyunda uzun fasilə yarandı və ola bilsin ki, futbolçular topun meydandan necə çıxdığını unutdular. Rəqibdən üzr istədik. Düşünürəm ki, bu, futbolda baş verən adi hadisədir və müzakirə etməyə dəyməz. Çünki qəsdən edilməmişdi”.
Xatırladaq ki, “Sabah” Norveçdə hesabı açsa da, sonradan dörd qol buraxaraq məğlub olub. Dörd turdan sonra üç xalı olan Bakı klubu Çempionlar Liqasının turnir cədvəlində 31-ci pillədə qərarlaşıb.
