İngiltərənin “Mançester Yunayted” futbol klubunun azarkeşi Frenk Illettin məşhur "çellenc"i, görünür, Azərbaycana da gəlib çatıb. “Qəbələ”nin azarkeşlərindən biri komanda ardıcıl beş qələbə qazanana qədər saçını kəsdirməyəcəyini bildirib.
İdman.Biz xəbər verir ki, azarkeş bununla bağlı videonu şəxsi "Instagram" səhifəsində yayımlayıb. Onun "çellenc"i artıq 27 gündür davam edir, “Qəbələ”nin tələb olunan qələbə seriyası isə hələlik 0/5 olaraq qalır.
Bu ideya sosial şəbəkələrdə "The United Strand" adı ilə tanınan britaniyalı Frenk Illettin dünyada məşhurlaşan eksperimentini demək olar ki, təkrarlayır.
Illett 2024-cü ilin oktyabrında “Mançester Yunayted” ardıcıl 5 oyunda qalib gələnədək saçını kəsdirməyəcəyini açıqlamışdı. O vaxtdan təxminən iki il keçsə də, mankunianlar tələb olunan seriyanı hələ də qura bilməyiblər.

Britaniyalı azarkeş məqsədinə ən çox 2026-cı ilin fevralında yaxınlaşıb. “Yunayted” ardıcıl dörd görüşdə qələbə qazansa da, beşinci matçda “Vest Hem”lə 1:1 hesablı heç-heçə edib və sayım yenidən sıfırlanıb.
İndi isə öz gözləmə marafonuna “Qəbələ” azarkeşi başlayıb. İlk 27 günə baxanda, görünür, qayçı hələ bir müddət kənarda qalacaq.
