“Bavariya” “Barselona”nın futbolçusu Dani Olmoya yenidən maraq göstərir.
İdman.Biz “Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun baş məşqçisi Vensan Kompani hücum xəttində əlavə variantlara sahib olmaq istəyir. Bu səbəbdən 28 yaşlı ispaniyalı futbolçu komandanın transfer hədəfləri siyahısına daxil edilib.
“Bavariya” daha əvvəl də Olmonu transfer etməyə cəhd göstərib, lakin həmin vaxt danışıqlar nəticəsiz qalıb. Buna baxmayaraq, futbolçu Kompaninin diqqətini çəkməyə davam edir. İspaniyalının üstünlüklərindən biri kimi onun “RB Leyptsiq”in heyətində Bundesliqada çıxış təcrübəsi göstərilir.
Bildirilir ki, Münhen təmsilçisi danışıqlara başlamağı planlaşdırır və Olmo üçün təxminən 70 milyon avro təklif etməyə hazırdır.
“Bavariya” futbolçunun son vaxtlar “Barselona”da az oyun praktikası qazanmasından və rəqabətdə Fermin Lopesə uduzmasından yararlanmağa ümid edir.
İndi əsas məsələ “Barselona” rəhbərliyinin Olmonun mümkün satışına münasibəti olacaq.
