Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo futbolun “Formula-1”də istifadə olunan bəzi yanaşmaları mənimsəyə biləcəyini düşünür.
İdman.Biz “Formula-1”in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hər iki idman növünün nümayəndələrinin böyük təzyiqlə üzləşdiyini qeyd edib və pilotların əsas məqamlara münasibətinə diqqət çəkib.
“Əgər biz ən yüksək səviyyəli idmandan danışırıqsa, nəhəng təzyiq qaçılmazdır. Lakin mənə elə gəlir ki, əsas məqamlara yanaşma tərzinə görə “Formula-1” bizdən bir addım öndədir. O cümlədən ənənələrə görə biz bir-birimizdən həddindən artıq təcrid olunuruq”, – deyə Mourinyo bildirib.
Onun sözlərinə görə, futbolçular “Formula-1” pilotlarının yarışlardan dərhal əvvəl özlərini necə apardıqlarına diqqət yetirməlidirlər:
“Pilotlar nəhəng təzyiq altındadırlar, lakin bolidə əyləşməzdən əvvəl onlar birlikdədirlər – insanlar kimi görüşürlər, Piar öhdəliklərini yerinə yetirirlər, mətbuatla ünsiyyət qururlar. Hesab edirəm ki, bizim öyrənməli çox şeyimiz var: onlar rahat ola bilirlər, yarım saat sonra isə boliddə həyatlarını təhlükəyə atırlar”.
