“Mançester Yunayted”in 15 yaşlı futbolçusu Cey Cey Qabriel “Barselona” ilə danışıqlar aparmaq üçün İspaniyaya gedib.
İdman.Biz Britaniya mediasına istinadən xəbər verir ki, klub sisteminin ən istedadlı oyunçularından biri hesab edilən Qabriel bir neçə gün əvvəl “Mançester Yunayted” rəhbərliyini klubda qeydiyyatının ləğv olunmasını tələb etməklə təəccübləndirib. Klub isə onun müraciətini rədd edib.
Məşqçilər korpusu Qabrieli İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində “Brayton”a qarşı oyunun iştirak ərizəsinə daxil etməyi planlaşdırırdı. Bu baş versəydi, 15 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in əsas komandası tarixində meydana çıxan ən gənc futbolçu ola bilərdi.
Qabrielin klubdan ayrılmaq niyyətinin ilk əlamətləri ötən həftə onun sosial şəbəkə hesabındakı bütün paylaşımları və fotoları silməsi ilə ortaya çıxıb.
Daha sonra futbolçunun meneceri müqaviləyə xitam verilməsi ilə bağlı klub rəhbərliyinə rəsmi müraciət göndərib. “Mançester Yunayted” isə perspektivli oyunçunu komandada saxlamağa çalışaraq bu tələbi rədd edib.
Buna baxmayaraq, Qabriel və onun nümayəndələrinin İspaniyaya səfər etdiyi bildirilir. Gənc futbolçunun həm “Barselona”, həm də Madrid “Real”ı ilə danışıqlar aparacağı gözlənilir.
