İngiltərənin “Lester” klubunun titul sponsoru "BC.Game" şirkətinin rusiyalı pornoaktrisa Eva Elfi ilə əməkdaşlığa başlaması azarkeşlərin ciddi narazılığına səbəb olub.
İdman.Biz xəbər verir ki, “Foxes Trust” azarkeş təşkilatı şirkətin əsl adı Yuliya Romanova olan Eva Elfini brend səfiri seçməsinə etiraz edib.
Təşkilatın açıqlamasında bildirilir ki, qumar oyunları və böyüklər üçün məzmunla əlaqəli tərəfdaşlıqlar klubun ailə dəyərlərinə əsaslanan nüfuzuna uyğun gəlmir.
“Klub bukmeker şirkətinin sponsorluğunu qəbul etdiyi andan onun öz prinsiplərindən uzaqlaşdığını hiss etdik. İndi isə həmin şirkət böyüklər üçün məzmun sahəsində fəaliyyətini davam etdirən şəxslə əməkdaşlığa başlayıb. Qumar və pornoqrafiya xüsusilə gənclərin həyatına mənfi təsir göstərə bilər”, - deyə azarkeş təşkilatının bəyanatında qeyd olunub.
“Foxes Trust”un mövsümün sonunda keçirdiyi sorğuda iştirakçıların 73 faizi "BC.Game" ilə əməkdaşlığa mənfi münasibət göstərib. Yalnız beş faiz bu tərəfdaşlıqdan razı qaldığını bildirib.
Azarkeş təşkilatı tərəfdarları klubun formasını alarkən sponsorun loqosu olmayan variantı seçməyə çağırıb.
Yaranmış narazılığa “Lester” rəhbərliyi də münasibət bildirib. Klub azarkeşlərin narahatlığını "BC.Game" şirkətinə çatdırdığını və qarşılıqlı məqbul həll yolu tapmaq üçün danışıqları davam etdirdiyini açıqlayıb.
Qeyd edək ki, "BC.Game" 2024-cü ildən “Lester”in titul sponsorudur. Şirkət Eva Elfi ilə əməkdaşlığı noyabrın 3-də elan edib.
