Almaniyada İnfantinonu FIFA prezidenti postundan getməyə çağırdılar

18 Sentyabr 2026 18:59
87
Almaniyada İnfantinonu FIFA prezidenti postundan getməyə çağırdılar

Almaniya Futbol İttifaqının (DFB) vitse-prezidenti Hans-Yoahim Vatske FİFA prezidenti Canni İnfantinonu istefaya çağırıb.

İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, DFB rəsmisi İnfantinoya qarşı üç əsas tənqidi məqamı qeyd edib. İlk olaraq FİFA-nın Sülh Mükafatının ABŞ prezidenti Donald Trampa təqdim olunmasını göstərib.

“O, tərəddüd etmədən getməlidir. Bu mükafatı İnfantinonun özü yaradıb və onu Trampa vermək qərarını da təkbaşına qəbul edib. Sən təkbaşına nəsə uydurub, sonra bunu elan edə bilməzsən. Bu, dəlilikdir”, - deyə Vatske bildirib.

Onun ikinci tənqid etdiyi məsələ 2026-cı il dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğv edilməsidir. Vatske hesab edir ki, ABŞ prezidentinin FİFA rəhbərinə zəng etməsindən sonra qərarın dəyişdirilməsi qəbuledilməzdir.

Həmçinin DFB-nin vitse-prezidenti FİFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək şirkətin yaradılması planını tənqid edib.

“Bu, dəlilikdir. Heç kim bundan xəbər tutmayıb, onun vitse-prezidentləri heç nə bilmirdi, FİFA Şurası heç nə bilmirdi”, - deyə Vatske vurğulayıb.

İnfantino FİFA prezidenti vəzifəsini 2016-cı il fevralın 26-dan tutur. Qurum rəhbərinin növbəti seçkisinin 2027-ci ildə keçirilməsi planlaşdırılır.

İdman.Biz