İtaliyanın “Sampdoriya” futbol komandasında çıxış edən Azərbaycan U-21 millisinin üzvü Lorenzo Mezzotero azarkeşlərin rəğbətini qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə İtaliya nəşri məlumat yayıb.
İtaliya B Seriyasında “Virtus Entella” ilə keçirilən qarşılaşmada fərqlənən 18 yaşlı hücumçunun çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Zədələnən Yari Verşarenin əvəzinə meydana daxil olan Mezzotero komandasının ikinci qolunu vuraraq qələbədə mühüm rol oynayıb. Gənc futbolçunun performansı azarkeşləri baş məşqçi Luka D'Ancelodan ona daha çox şans verməyi tələb etməyə sövq edib.

Azarkeşlərdən biri futbolçunun çıxışını belə qiymətləndirib:
“Bu oğlan yaxşıdır. Oynamalı və təcrübə toplamalıdır. Mübarizə aparmaq istəyi var və bu, açıq görünür. Belə davam etsin”.
Digər azarkeş isə gənc hücumçunun dərhal əsas heyətə daxil edilməsini istəyib:
“Onu dərhal əsas heyətdə oynatmaq lazımdır. Gənclərə güvənmək üçün bir qədər cəsarətli olmaq gərəkdir”.
“Sampdoriya” azarkeşləri yalnız Mezzoteronun deyil, 18 yaşlı bolqarıstanlı qapıçı Andrey Krastevin də çıxışını yüksək qiymətləndiriblər. Onlar klub rəhbərliyini və baş məşqçini gənclərə üstünlük verməyə çağırıblar.

Sosial şəbəkələrdə müdafiəçi Kərim Diopun da əsas heyətə cəlb olunması tələb edilib. Azarkeşlər yaşlı futbolçuların əvəzinə inkişaf potensialı yüksək olan gənclərin oynadılmasını istəyirlər.
Qeyd edək ki, 16 avqust 2008-ci ildə İtaliyanın Montsa şəhərində anadan olan hücumçu uşaqlığının bir hissəsini Azərbaycanda keçirib. O, “Qarabağ” və “Neftçi”nin futbol akademiyalarında məşq edib.
Hazırda Azərbaycanın U-21 millisində çıxış edən Mezzotero əvvəllər “Sampdoriya”nın gənclər komandasında məhsuldar oyunu ilə diqqət çəkib.
Mezzotero “Virtus Entella” ilə görüşdə peşəkar karyerasının ilk qolunu vurub.
