“Vikinq”in əsas üstünlüyü Stavangerdə nadir hallarda məğlub olmasıdır”.
Bunu Norveç millisinin sabiq qapıçısı, yığmanın heyətində 1994-cü ildə keçirilən dünya çempionatında çıxış etmiş, “Vikinq” və İngiltərənin “Tottenhem” komandalarının qapısını qorumuş Erik Тоrsvett AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Vikinq”in UEFA Çempionlar Liqasında debüt etməsi sizi nə dərəcədə təəccübləndirdi?
- 2018-ci ildə Norveçin ikinci liqasında çıxış edən bir klubun bu səviyyəyə yüksəlməsi möhtəşəm inkişafdır. Bilirəm ki, “Sabah” 2017-ci ildə yaradılıb. Bu baxımdan, onların irəliləyişi daha da təsirlidir. Ümumiyyətlə, Norveç futbolunun son 7-8 ildə keçdiyi inkişaf yolu bizim üçün inanılmazdır.
- “Sabah” klubu haqqında nə bilirsiniz? Komandanın oyunlarını izləmək imkanınız olubmu?
- “Sabah”ın çox oyunlarını izləmişəm və komandadan müsbət mənada təsirlənmişəm. Topu irəli daşıma üslubları müəyyən mənada “Budyo-Qlimt”in oyununu xatırladır. Komandanın aydın futbol fəlsəfəsi var və rəqibindən asılı olmayaraq öz oyun kimliyinə sadiq qalır. Hətta “Old Trafford”da “Mançester Yunayted”ə qarşı da belə çıxış ediblər. Bununla belə, rəqibin cərimə meydançasının ön xəttinə yaxınlaşdıqda bəzən hücumları tamamlamaqda çətinlik çəkirlər. Həmçinin rəqiblərinə kifayət qədər qol imkanları verirlər. Buna baxmayaraq, “Sabah” izləməkdən zövq aldığım komandadır.
- İki debütantın qarşılaşmasında “Vikinq”in əsas üstünlüyü nədən ibarət ola bilər?
- “Vikinq”in əsas üstünlüyü Stavangerdə nadir hallarda məğlub olmasıdır. Hətta “Bavariya” da burada qalib gələ bilməyib. Süni örtüklü meydan da Norveç klubunun xeyrinə işləyə bilər. Dəqiq bilmirəm, Azərbaycanda hansısa komanda bu örtükdə oynayır, ya yox. “Vikinq” cümə günü səfərdə “Budyo-Qlimt”ə 2:3 hesabı ilə uduzdu. Lakin çox gərgin və maraqlı oyun oldu. Qarşılaşmaya qədər bərpa olunmaq üçün vaxtları var.
- Stavanger şəhərində azarkeşlərin bu oyuna münasibəti necədir? Stadionda əsl futbol bayramı gözləyirsinizmi?
- Atmosfer möhtəşəm olacaq. Bakı ilə müqayisədə burada stadion daha kiçikdir və azarkeşlər meydana çox yaxındırlar. Bununla belə, qarşılaşmada düşmənçilik ab-havası olmayacaq. Qonaq komandanın azarkeşləri də xoş qarşılanacaqlar.
- Qarşılaşmanın nəticəsi ilə bağlı proqnozunuz necədir?
- Düşünürəm ki, bu, “Vikinq”in Çempionlar Liqasında qələbə qazanmaq üçün ən yaxşı şansıdır. Əmsallara görə də Norveç klubu açıq favoritdir. Amma oyun asan keçməyəcək. “Sabah” yaxşı təşkilatlanmış komandadır və fərdi keyfiyyətlərə malik futbolçuları var. Buna baxmayaraq, ürəyim mənə deyir ki, Norveçdə əfsanəvi futbol gecəsi yaşanacaq və “Vikinq” 2:1 hesabı ilə qalib gələcək.
