Noyabrın 4-də Norveçin “Vikinq” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin dordüncü turunda Azərbaycan təmsilçisi “Sabah”ı qəbul edəcək. Stavanger şəhərində keçiriləcək qarşılaşma təkcə turnirin əsas mərhələsində debüt edən iki komandanın mübarizəsi ilə deyil, meydan sahiblərinin qeyri-adi xüsusiyyəti ilə də diqqət çəkir.
İdman.Biz xəbər verir ki, “Vikinq” hazırkı Çempionlar Liqasının 36 iştirakçısı arasında eyni vaxtda iki bərabərhüquqlu baş məşqçinin – Morten Yensen və Byarte Lunde Orsheymın rəhbərlik etdiyi yeganə komandadır.
Qeyd edək ki, son illərdə Avropanın ən nüfuzlu klub turnirində belə idarəetmə modelinə rast gəlinməyib. 2024/25 mövsümündən tətbiq olunan liqa formatının əvvəlki iki buraxılışında da iki mütəxəssisin bu cür bərabərhüquqlu və davamlı əməkdaşlığına dair təsdiqlənmiş nümunə olmayıb.
Bank işindən Norveç çempionluğuna
Qeyri-adi məşqçi tandeminin tarixçəsi “Vikinq”in uğurlarından xeyli əvvəl başlayıb. Britaniyanın “The Guardian” nəşri oktyabr ayında Yensen və Orsheym haqqında geniş material dərc edərək onların uzun illər davam edən əməkdaşlığının təfərrüatlarını açıqlayıb.
Orsheymın sözlərinə görə, onlar təxminən 2012-2013-cü illərdə Yensenlə gələcəkdə hansısa peşəkar komandaya birlikdə rəhbərlik etmək ehtimalını müzakirə ediblər. Həmin vaxt hər ikisi məşqçilik fəaliyyəti ilə yanaşı, başqa sahələrdə də çalışırdı. Orsheym bankda, Yensen isə neft-qaz sektorunda işləyirdi. Bununla yanaşı, həvəskar və yarıpeşəkar komandaların hazırlanması ilə məşğul olurdular.
Bununla belə, onların futbol karyeraları fərqli olub. Orsheym uzun illər “Vikinq”də çıxış edib və komandanın kapitanı olub. Yensen isə aldığı zədə səbəbindən klubun əsas komandasında möhkəmlənə bilməyib.
Zaman keçdikcə hər iki mütəxəssis “Vikinq”in məşqçilər korpusuna daxil olaraq Byarne Berntseni kömək ediblər. 2020-ci ilin sonunda klub rəhbərliyi baş məşqçini dəyişmək qərarına gəldikdə, ilk olaraq onlardan birini bu vəzifəyə təyin etməyi planlaşdırıb.
Lakin gözlənilməz hadisə baş verib. Yensen və Orsheym ayrı-ayrılıqda müsahibəyə getmək əvəzinə, klub rəhbərliyinin qarşısına birlikdə çıxaraq komandaya bərabərhüquqlu şərtlərlə rəhbərlik etməyi təklif ediblər.
Klubun baş icraçı direktoru Eyrik Byornunun “The Guardian”a verdiyi məlumata görə, namizədlər futbol fəlsəfələrini ətraflı izah edən 120 səhifəlik sənəd hazırlayıblar. Təqdimatda qeyri-adi müqayisəyə də yer verilib: onlar rəqiblərini qoyun sürüsü, özlərini isə mövcud qaydaları dəyişməyə hazır iki canavar kimi təsvir ediblər.
Klub rəhbərliyi risk etmək qərarına gəlib. 2020-ci ilin noyabrında tandem komandaya rəhbərlik etmək üçün təyin olunub, 2021-ci mövsümünün əvvəlindən isə tam fəaliyyətə başlayıb.
Bu qərar klubun tarixində dönüş nöqtəsi olub. “Vikinq” 2025-ci ildə 1991-ci ildən sonra ilk dəfə Norveç çempionu olaraq 34 illik həsrətə son qoyub. Daha sonra Çempionlar Liqasının təsnifat mərhələsində Zaqreb “Dinamo”sunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıb.
İki məşqçi, vahid futbol fəlsəfəsi
Ənənəvi sistemdən fərqli olaraq, Yensen və Orsheym eyni səlahiyyətlərə malikdirlər. Komandanın heyətini, taktiki planını və inkişaf strategiyasını birlikdə müəyyənləşdirirlər.
Bununla yanaşı, gündəlik vəzifələr arasında bölgü aparılıb. “The Guardian”ın məlumatına görə, Orsheym əsasən müdafiə xəttinin təşkilinə, Yensen isə hücum oyununa daha çox diqqət yetirir. Mütəxəssislər oyunlar zamanı komandanın birbaşa idarəçiliyini də növbə ilə həyata keçirirlər. Hər həftə bu vəzifə birindən digərinə keçir.
“Sabah”la qarşılaşma öncəsi baş verən maraqlı hadisə də məhz bununla bağlıdır. Noyabrın 2-də keçirilən mətbuat konfransında jurnalistlərin qarşısına Yensen deyil, Orsheym çıxıb. Həmkarının niyə iştirak etmədiyi barədə suala isə qısa cavab verib: “Bu həftə mənim növbəmdir”.
Yensen bundan bir qədər əvvəl Norveç çempionatının “Budyo-Qlimt”lə oyununda rəqib komandanın baş məşqçisi Ketil Knutsenlə münaqişə yaşayıb. Lakin klub onun mətbuatla ünsiyyətinin qəsdən məhdudlaşdırılması ilə bağlı ehtimalları təkzib edib.
Maraqlıdır ki, iki məşqçinin xarakterləri də fərqlidir. Yensen daha emosional və iddialı hesab olunur, Orsheym isə sakit və analitik yanaşmaya üstünlük verir. Mütəxəssislərin sözlərinə görə, aralarında fikir ayrılığı yarandıqda bunu müzakirə yolu ilə həll edir və ortaq qərara gəlməyə çalışırlar.
“Vikinq”in idman direktoru Erik Nevlend də belə idarəetmə modelinin digər ölkələrin futbol mütəxəssislərində təəccüb doğurduğunu etiraf edir. Bununla belə, nəticə verən sistemdən imtina etmək üçün səbəb görmür.
Azərbaycan millisi vaxtilə iki baş məşqçiyə qarşı oynayıb
“Sabah”ın qarşılaşacağı rəqibin bu xüsusiyyəti qeyri-adi görünsə də, Azərbaycan futbolu üçün belə sistem tamamilə yad deyil.
Azərbaycan millisi iki bərabərhüquqlu mütəxəssisin birlikdə çalışdırdığı komanda ilə iki dəfə qarşılaşıb.
Söhbət 2000-2004-cü illərdə baş məşqçi vəzifəsini birgə icra edən Tommi Söderberq və Lars Laqerbekin rəhbərlik etdiyi İsveç millisindən gedir. Əvvəlcə Laqerbek Söderberqin köməkçisi olub. Lakin sonradan İsveç Futbol İttifaqı milli komandada birgə idarəetmə sisteminə keçib.
2002-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi bu tandemə qarşı iki oyun keçirib. 2000-ci il sentyabrın 2-də Bakıda baş tutan ilk qarşılaşmada yığmamız 0:1 hesabı ilə uduzub. Yeganə qolu Anders Svensson vurub.
Cavab görüşü 2001-ci il oktyabrın 7-də Stokholmda keçirilib və İsveçin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Anders Svensson, Henrik Larsson və Zlatan İbrahimoviç vurublar.
Maraqlı məqam ondan ibarətdir ki, hər iki oyunda Azərbaycan millisinə hazırda “Sabah” klubunun idman direktoru vəzifəsini tutan İqor Ponomaryov rəhbərlik edib. Beləliklə, 1988-ci il Seul Olimpiadasının SSRİ yığmasının heyətində çempionu olmuş mütəxəssis 25 ildən sonra qeyri-adi məşqçi idarəetmə sistemi ilə yenidən qarşılaşacaq. Bu dəfə isə Azərbaycan klubunun rəhbərlərindən biri kimi.
Azərbaycan futbolunda da oxşar nümunə olub
Ölkə futbolu tarixində də Norveç modelini xatırladan hadisə yaşanıb. Bununla belə, iki vəziyyət arasında mühüm fərq olub.
2022/23 mövsümündə “Şamaxı” faktiki olaraq Vüqar Əsgərli və Cavid Hüseynovun birgə rəhbərliyi altında fəaliyyət göstərib. Rəsmi olaraq baş məşqçi Əsgərli göstərilsə də, Hüseynov onun köməkçisi vəzifəsini tutub.
Belə bölgünün səbəblərindən biri Hüseynovun həmin vaxt tələb olunan məşqçilik lisenziyasına malik olmaması olub. Lakin praktikada hər iki mütəxəssis komandanın idarə olunmasında iştirak edib. Əsgərli özü də 2022-ci il avqustun 4-də yerli mediaya müsahibəsində bunu açıq şəkildə təsdiqləyib.
“Burada qərarları ikimiz də veririk”, – deyə mütəxəssis bildirib. O, heyətin seçilməsi, hazırlıq prosesi və oyunların keçirilməsi ilə bağlı qərarları birlikdə qəbul etdiklərini vurğulayıb. Onun sözlərinə görə, məşqləri həm özü, həm də Hüseynov keçirə bilirdi.
Əsgərli Hüseynovla uzun müddətdir dost olduqlarını və birgə fəaliyyətə başlamazdan əvvəl nə vaxtsa eyni komandada məşqçilik etmək barədə danışdıqlarını da açıqlayıb.
Bu baxımdan onların hekayəsi uzunillik dostluq əsasında birgə rəhbərlik qərarına gələn Yensen və Orsheymın tarixçəsi ilə müəyyən oxşarlıq təşkil edir.
Ancaq əsas fərq ondan ibarət idi ki, “Vikinq”də hər iki mütəxəssis rəsmi olaraq eyni statusa malikdir. “Şamaxı”da isə baş məşqçi Əsgərli olub. Jurnalistlərin mümkün uğursuzluqlara görə kimin məsuliyyət daşıyacağı ilə bağlı sualına mütəxəssis məsuliyyətin öz üzərində olduğunu bildirib.
Mütəxəssislərin birgə fəaliyyəti 2023-cü ilin yayında, “Şamaxı” mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk etdikdən sonra başa çatıb.
Qeyd edək ki, “Vikinq”lə qarşılaşma “Sabah”ın avrokuboklarda Norveç klubu ilə ilk görüşü olacaq. Stavanger təmsilçisi də indiyədək Azərbaycan komandaları ilə qarşılaşmayıb.
Matç noyabrın 4-də “Lise Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” Çempionlar Liqasının əsas mərhələsində üç turdan sonra 3 xalla 25-ci yerdə qərarlaşıb. Norveç təmsilçisinin isə aktivində 1 xal var və komanda 33-cü pillədədir.
