Türkiyənin TFF Üçüncü Liqasının ikinci qrupunda keçirilən “Karşıyaka” - “Altay” derbisi 1:1 hesabı ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra meydanda yaşanan hadisələr oyunun nəticəsini kölgədə qoyub.
Final fitindən sonra “Altay” azarkeşlərindən biri klubun bayrağını rəqib komandanın meydanında mərkəz nöqtəsinə sancmağa çalışıb. Buna “Karşıyaka”nın prezidenti Yiğit Tusder və klub rəhbərliyi sərt reaksiya verib.
Tərəflərin müdaxiləsindən sonra meydanda gərginlik və qarşıdurma yaranıb. Asayiş keşikçiləri və stadion əməkdaşları hadisəyə müdaxilə edərək vəziyyəti çətinliklə nəzarət altına alıblar.
Hadisədən sonra “Altay”ın prezidenti Sinan Kanlı sosial şəbəkədə açıqlama verərək mübahisəni daha da alovlandırıb. O, Alsancak Mustafa Denizli stadionunun hər zaman “Altay”a məxsus olduğunu bildirib və azarkeşin bayraq sancmaq cəhdini müdafiə edib:
“Bu çərçivədə matçın sonunda sancılan bayraq Böyük “Altay” adına halaldır və həmin bayrağın orada olması tamamilə normaldır”.
Qeyd edək ki, İzmirin iki köklü klubunun qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
