Bakıda diqqət çəkən Alberto Ruizi “Real” qoruma altına aldı - VİDEO

30 Oktyabr 2026 11:20
82
Bakıda diqqət çəkən Alberto Ruizi “Real” qoruma altına aldı - VİDEO

İspaniyanın “Real Madrid” futbol komandasının 15 yaşlı yarımmüdafiəçisi Alberto Ruiz Azərbaycanda keçirilən U-15 dünya çempionatında nümayiş etdirdiyi oyunla diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, 2011-ci il fevralın 9-da İspaniyanın La-Mança bölgəsində anadan olan futbolçu Madrid təmsilçisinin akademiyasının ən perspektivli yetirmələrindən biri hesab edilir.

İspaniyanın U-15 millisinin kapitanı olan Ruiz dünya çempionatının 1/4 finalında Kolumbiyaya qarşı 5:0 hesabı ilə başa çatan görüşdə iki qol vurub. O, yarımfinalda Yunanıstan üzərində 6:2 hesablı qələbədə də iki qolla fərqlənib.

Hücumameyilli yarımmüdafiəçi oyun qurmaq, meydanı görmək, uzaq məsafədən dəqiq zərbələr endirmək və komanda yoldaşlarını əlverişli mövqeyə çıxarmaq bacarıqları ilə seçilir. Oyun üslubuna görə onu “La-Mançalı Modriç” adlandırırlar.

“Real Madrid” gənc istedadı itirmək niyyətində deyil. Məlumata görə, klub futbolçunu 2028-ci ilə qədər müqavilə ilə təmin edib.

Qeyd edək ki, Alberto Ruiz “Real Madrid”in Valdebebasdakı məşhur “La Fabrica” akademiyasında yetişib və İspaniya yeniyetmə futbolunun ən perspektivli oyunçularından biri kimi qiymətləndirilir.

İdman.Biz