Tramp DÇ-2026-nın ABŞ-yə qazandırdığı məbləği açıqladı

6 Sentyabr 2026 10:05
52
Tramp DÇ-2026-nın ABŞ-yə qazandırdığı məbləği açıqladı

ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının ölkə iqtisadiyyatına təsirini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Trampın sözlərinə görə, mundial təkcə ABŞ iqtisadiyyatına 18 milyard dollardan (30.6 milyard AZN) çox gəlir gətirib və 160 mindən artıq iş yerinin yaradılmasına töhfə verib.

“ABŞ turizmi üçün inanılmaz yay oldu. ABŞ-lilər təxminən 300 milyard mil yol qət etdilər, milli parklarımız 78 milyon ziyarətçi qəbul etdi, milyonlarla insan isə hava nəqliyyatından istifadə etdi.

Təkcə futbol üzrə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox gəlir gətirdi və 160 mindən artıq iş yerinin yaradılmasını təmin etdi. Səyahət və turizm iş yerləri, investisiyalar və ABŞ şirkətlərinə, eləcə də yerli icmalara daxil olan milyardlarla dollar deməkdir.

Biz bürokratik maneələri aradan qaldırır, hava nəqliyyatı sistemini yeniləyir, ABŞ-yə səfəri və burada bizneslə məşğul olmağı asanlaşdırırıq. ABŞ biznes üçün açıqdır və ən yaxşısı hələ qarşıdadır”, - deyə Tramp sosial şəbəkədə yazıb.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin 78 qarşılaşması ABŞ-də təşkil olunub.

İdman.Biz