Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu avrokuboklarda mübarizəni UEFA Konfrans Liqasının liqa mərhələsində davam etdirəcək.
İdman.Biz xəbər verir ki, “Eqnatiya” UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Norveçin “Lillestrem” komandasına 1:2 hesabı ilə məğlub olub. İlk qarşılaşmada isə komandalar 0:0 hesablı heç-heçə edib.
Cavab görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Eqnatiya”nın heyətində Eljon Sota 33-cü dəqiqədə hesabı açıb. “Lillestrem” 82-ci dəqiqədə Sander Moen Fossun qolu ilə hesabı bərabərləşdirib.
Əlavə vaxtın 94-cü dəqiqəsində Tomas Lehne Olsen Norveç klubuna qələbə qazandıran qolu vurub.
Beləliklə, “Lillestrem” iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə qalib gələrək Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanıb. “Eqnatiya” isə Konfrans Liqasının liqa mərhələsində çıxış edəcək.
Zamiq Əliyev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 99-cu dəqiqədə Eljon Sotanı əvəzləyərək meydana daxil olub.
