Bakıda keçirilən U-17 dünya çempionatında çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında təsnifat mərhələsinin görüşləri keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, oğlanların 60 kq çəki dərəcəsində Elcan Həsənov Ukrayna təmsilçisi Kiril Nahırnıya birinci təsnifat mərhələsində 3:1, ikinci mərhələdə isə 3:0 hesabı ilə qalib gəlib.
80 kq çəki dərəcəsində Nihad Süleymanlı Qazaxıstan təmsilçisi Daniyar Beysənkulu hər iki təsnifat görüşündə məğlub edib. İlk görüş 3:1, ikinci qarşılaşma isə 3:0 hesabı ilə başa çatıb.
90 kq çəki dərəcəsində Elgün Kərimli Azərbaycan təmsilçisi Elvin Hacıquluzadəyə qarşı keçirilən hər iki təsnifat görüşündən 3:1 hesablı qələbə ilə ayrılıb.
Qızların 45 kq çəki dərəcəsində isə Gülnar Ağadadaşova Nərgiz Adilovaya qarşı keçirilən ikinci təsnifat mərhələsinin görüşündə 2:2 hesablı nəticə əldə edib. Üçüncü mərhələdə isə Ağadadaşova 3:2 hesabı ilə qalib gəlib. İlk görüşdə Nərgiz Adilova 3:1 hesabı ilə üstün olub.
55 kq çəki dərəcəsində Günel Kərimli Seneqal təmsilçisi Elisabeth Diattaya ilə üç təsnifat görüşü keçirib. İlk görüşdə 0:4 hesabı ilə məğlub olan Kərimli ikinci qarşılaşmada 4:2 hesabı ilə qalib gəlib. Üçüncü görüşdə isə 0:5 hesabı ilə uduzub.
