Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresin “Barselona”ya keçmək istəyi klub rəhbərliyində narazılıq yaradıb.
İdman.Biz xəbər verir ki, “Atletiko”nun baş icraçı direktoru Migel Anxel Gil Marin futbolçunun ətrafındakı şəxsləri tənqid edib.
“Biz Xuliana kömək edəcəyik və ona qayğı göstərməyə davam edəcəyik. Amma başa düşməliyik ki, son aylarda onun ətrafında ən yaxşı məsləhətçilər olmayıb”, – deyə Gil Marin bildirib.
Klub rəsmisi digər komandaların və onlara yaxın media qurumlarının “Atletiko”nun qərarlarına təsir etməsinə imkan verməyəcəklərini vurğulayıb:
“Başqa klubların və onlarla əlaqəli medianın bizə nə etməli olduğumuzu diktə etməsinə, həmçinin bizə hörmətsizlik göstərməsinə icazə verə bilmərik”.
Alvares dünya çempionatı zamanı “Atletiko”dan ayrılmaq və arzusunu reallaşdırmaq istədiyini açıq şəkildə bildirib. “Barselona” argentinalı hücumçu ilə maraqlansa da, Madrid klubunun danışıqlardan imtina etməsindən sonra transferdən vaz keçib.
Futbolçunun agenti Fernando İdalqo da sosial şəbəkədə klub rəhbərliyinə ünvanlandığı ehtimal edilən sərt paylaşım edib:
“Yalançıdan niyə yalan danışdığını heç vaxt soruşma. Çünki səbəbini izah etmək üçün yenidən yalan danışmalı olacaq”.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone də klub rəhbərliyinin mövqeyini dəstəkləyib. Argentinalı mütəxəssis Alvaresin komandada vacib oyunçu olduğunu bildirib:
“Heç bir qeyri-müəyyənlik yoxdur. Migel Anxel hər şeyi aydın dedi. Xulian məqsədlərimizə çatmaq üçün çox vacib futbolçudur. Onun yanında olacağıq və qayğı göstərəcəyik”.
Qeyd edək ki, Alvares “Atletiko”nun La Liqanın ilk turunda “Malaqa” ilə oyununu buraxıb. Simeone bunu futbolçunun mövsümöncəsi hazırlığa gec qoşulması ilə əlaqələndirib. Hücumçunun “Vilyarreal”la növbəti matç üçün heyətdə yer alması gözlənilir.
