İtaliyanın “İnter” futbol klubu Lautaro Martineslə bağlı “Barselona”nın mümkün təklifini qəbul etməyə hazır deyil.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Milan təmsilçisi argentinalı hücumçunu hətta 100 milyon avro (194 milyon AZN) qarşılığında belə satmaq niyyətində deyil.
Mənbənin məlumatına görə, “Barselona” Lautaro Martinesi Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresə alternativ kimi nəzərdən keçirir. Lakin tərəflər arasında hələ danışıqlara başlanmayıb və “İnter” bu məsələdə müzakirəyə açıq deyil.
Martinesin “İnter”lə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Futbolçu daha əvvəl klubdan ayrılmaq ehtimalını istisna edib, “İnter”in prezidenti Cüzeppe Marotta isə “Barselona” ilə hər hansı danışıqların aparıldığını təkzib edib.
Bununla belə, İspaniya mətbuatının iddiasına görə, “neradzurri” hücumçunun transferi üçün təxminən 120 milyon avroluq təklifə baxa bilər.
