UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə əsas mərhələnin beşinci turundan sonra “Real Madrid” turnir cədvəlində liderliyi ələ keçirib.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi keçirdiyi beş görüşün hamısında qalib gələrək xalını 15-ə çatdırıb. “Real Madrid” turnirdə xal itirməyən yeganə komandadır.
Əvvəlki lider PSJ isə “Roma” ilə heç-heçədən sonra 13 xalla ikinci pilləyə enib. Sonrakı yerlərdə hərəyə 12 xal toplamış “Komo”, “Barselona”, “Liverpul” və “Betis” qərarlaşıb.
“Arsenal” 11 xalla yeddinci, “Mançester Siti” isə 10 xalla səkkizinci yerdədir. Eyni xala malik “Sportinq” və “Borussiya Dortmund” əlavə göstəricilərə görə müvafiq olaraq doqquzuncu və 10-cu pillələri tuturlar.
Azərbaycan çempionu “Sabah” doğma meydanda “Barselona”ya 1:4 hesabı ilə uduzduqdan sonra 31-ci yerdən 33-cü pilləyə geriləyib. Bakı təmsilçisi beş turda bir qələbə qazanıb, dörd dəfə məğlub olub. Üç xalı olan komandamız rəqib qapılarından beş top keçirib, öz qapısında isə 14 qol görüb.
Bununla belə, “Sabah”la pley-off zonasının sonuncu pilləsindəki “Vilyarreal” arasında üç xallıq fərq var. İspaniya klubu altı xalla 24-cü yerdə qərarlaşıb.
Növbəti turda bu komandalar üz-üzə gələcəklər. “Sabah” dekabrın səkkizində “Vilyarreal”ın qonağı olacaq. Azərbaycan təmsilçisi əsas mərhələnin son iki turunda isə hazırda 28-ci olan “Napoli” və yeddinci pillədəki “Arsenal”la qarşılaşacaq.
Qeyd edək ki, əsas mərhələni ilk səkkizlikdə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerləri tutan klublar pley-offda mübarizə aparacaq, qalan 12 komanda isə avrokuboklarla vidalaşacaq.

