“Fluminense”nin hücumçusu Halk Braziliya A Seriyasında qeyri-adi qola imza atıb.
İdman.Biz xəbər verir ki, Braziliyanın “Fluminense” futbol klubunun 40 yaşlı hücumçusu “Remo” ilə görüşdə komandasının bərabərlik qolunun müəllifi olub.
Halk ikinci hissədə cinahdan edilən ötürməni başla tamamlayıb. Top əvvəlcə qapının tirinə, daha sonra qazonun üzərinə dəyərək sıçrayıb və qapı xəttini keçib.
Qeyri-adi epizod sosial şəbəkələrdə geniş müzakirə olunub və zarafatla “Braziliya çempionatı tarixində ilk qazon qolu” adlandırılıb.
Halkın qolu ilə hesabı bərabərləşdirən “Fluminense” daha sonra Kevin Sernanın qolu sayəsində görüşdə 2:1 hesablı əzmkar qələbə qazanıb. Rio-de-Janeyro təmsilçisi bu nəticədən sonra 41 xala çatıb.
Qeyd edək ki, Halk bu qolla Braziliya A Seriyasının cari mövsümündə qol sayını dördə çatdırıb.
