ABŞ-nin “İnter Mayami” futbol klubunun hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında “Filadelfiya Yunion”la 2:2 hesabı ilə başa çatan oyundan sonra cərimələnib.
İdman.Biz xəbər verir ki, MLS-in İntizam Komitəsi argentinalı futbolçunu Kuinn Sallivanla bağlı epizoda görə pul cəzasına məruz qoyub.
Qarşılaşma zamanı Messi rəqib futbolçunun baş nahiyəsinə əli ilə toxunub və bundan sonra oyunçular arasında mübahisə yaranıb.
Liqa rəhbərliyi bu hərəkəti rəqibin üzü, başı və ya boyun nahiyəsi ilə əllə təmasın qadağan edildiyi qaydanın pozulması kimi qiymətləndirib.
Messiyə tətbiq olunan cərimənin məbləği açıqlanmayıb. Maraqlıdır ki, argentinalı hücumçu matç zamanı həmin epizoda görə hakim tərəfindən cəzalandırılmayıb.
“İnter Mayami”nin müdafiəçisi İan Frey də eyni görüşdə başqa epizoda görə pul cəzası alıb.
Hər iki futbolçu diskvalifikasiyadan yayınıb və komandanın növbəti oyununda iştirak edə biləcəklər.
