Bu gün, noyabrın 20-də Fransa çempionatında 11-ci tura start veriləcək.
İdman.Biz xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra klublar yenidən xal mübarizəsinə qoşulacaqlar. Qarşıdakı doqquz görüşün bir neçəsi turnir cədvəlinin həm yuxarı, həm də aşağı pillələrində vəziyyəti ciddi şəkildə dəyişə bilər.
Tur ərəfəsində PSJ 23 xalla liderdir. “Lill” Paris klubundan cəmi iki xal geri qalır. Mövsümün əsas sürprizlərindən biri olan “Pari” isə 20 xalla üçüncü pillələdirlər.
“Marsel” 18 xalla dördüncü, “Lion” və “Nitsa” isə hərəyə 17 xalla növbəti iki yerdə qərarlaşıblar.
Beləliklə, birinci və altıncı pillələr arasındakı fərq cəmi altı xaldır. Qarşıdakı həftəsonunda qeydə alınacaq nəticələr liderlər qrupundakı qüvvələr nisbətinə ciddi təsir göstərə bilər.
Əsas diqqət PSJ-nin Nitsaya səfərinə, “Lill” – “Lion” qarşılaşmasına, “Lans”ın yeni baş məşqçisinin debütünə və “Loryan” – “Renn” Bretan derbisinə yönələcək.
Bütün oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.
“Trua” – “Havr”: autsayderlərin görüşü və yeni məşqçinin debütü
20 noyabr, saat 23:45. “Stad de l'Ob”.
Tur turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların qarşılaşması ilə başlayacaq.
“Trua” səkkiz xalla 17-ci, “Havr” isə cəmi iki xalla 18-ci yerdədir.
Qonaqların vəziyyəti xüsusilə ağırdır. Komanda on turda bir qələbə belə qazanmayıb və ardıcıl altı görüşdə məğlub olub.
Bu səbəbdən klub rəhbərliyi növbəti məşqçi dəyişikliyinə qərar verib. Didye Diqarın yerinə Valeryen İsmael təyin olunub. “Trua” ilə görüş onun yeni komandasında ilk matçı olacaq.
Meydan sahibləri də uğursuz dövr keçirirlər. “Trua” son səkkiz qarşılaşmanın altısında məğlub olub və cəmi yeddi qol vurub. Bu, çempionatın ən aşağı göstəricisidir.
Tərəflərin şəxsi oyunlarında maraqlı statistika mövcuddur.
“Havr” son dörd qarşılaşmadan üçündə qalib gəlib. Lakin 2020-ci ilin avqustunda Truada keçirilən son oyunda meydan sahibləri üstün olublar.
Komandalar Fransa yüksək liqasında sonuncu dəfə 2003-cü ildə üz-üzə gəliblər.
Matçdan əvvəl “Trua”nın baş məşqçisi Stefan Dümon və “Havr”ın yeni çalışdırıcısı Valeryen İsmael hazırlıq prosesi ilə bağlı mətbuat qarşısına çıxıblar.
Meydan sahiblərinin heyətində Junior Dias diskvalifikasiya olunub. Qonaqlar isə Stiv Zaqadu, Stiv Mambimbi və Teo Pembele də daxil olmaqla bir neçə futbolçunun xidmətindən məhrumdur.
Bu qarşılaşmada qazanılacaq üç xal hər iki klub üçün böyük əhəmiyyət daşıyır. “Trua” təhlükəli zonadan uzaqlaşmaq, “Havr” isə mövsümdə ilk qələbəsini əldə etmək istəyir.
“Nitsa” – PSJ: lider üçün ciddi sınaq
21 noyabr, saat 20:15. “Alyans Riviera”.
Turun iki əsas qarşılaşmasından biri Nitsada keçiriləcək.
PSJ çempionata liderlik edir, lakin Fransa Rivyerasına səfər Paris klubu üçün heç də asan olmayacaq.
“Nitsa” son üç görüşdə qalib gəlib və altı əvvəlki matçdan beşində üç xal qazanıb.
Komanda doğma meydanda xüsusilə inamlı çıxış edir. Beş ev qarşılaşmasında üç qələbə və iki heç-heçə qeydə alınıb.
PSJ isə ardıcıl yeddi çempionat matçında və bütün turnirlərdə on bir rəsmi görüşdə qalib gəlib.
Parislilər daha bir qələbə qazanacaqları təqdirdə klub tarixinin ən uzun uğurlu seriyalarından birini təkrarlayacaqlar.
“Nitsa”nın baş məşqçisi Olivye Pantaloni qarşılaşmadan əvvəl komandasının son uğurlarına baxmayaraq, avrokuboklar haqqında danışmağa tələsmədiyini bildirib.
Mütəxəssis PSJ-ni dünyanın ən güclü komandası adlandırıb. Onun fikrincə, Paris təmsilçisi rəqibləri üzərində böyük üstünlüyə malikdir və oyunun tempini vəziyyətə uyğun tənzimləyə bilir.
Taktiki baxımdan əsas məsələ meydan sahiblərinin müdafiədə nə dərəcədə intizamlı çıxış etməsi olacaq.
“Nitsa” müdafiədə boşluqları minimuma endirməyə və sürətli əks-hücumlardan yararlanmağa çalışacaq. Luis Enrikenin komandası isə topa nəzarət etməklə təşəbbüsü ələ almaq istəyəcək.
PSJ orta hesabla oyun vaxtının 69 faizində topa sahib olur. Bu, Liqa 1-in ən yüksək göstəricisidir.
Şəxsi oyunların statistikası da qonaqların üstünlüyünü göstərir.
“Nitsa” PSJ-yə qarşı son altı matçdan yalnız birində qalib gəlib. Paris klubunu öz meydanında qəbul etdiyi doqquz əvvəlki qarşılaşmadan isə yeddisində məğlub olub.
Qonaqların heyətində Xviça Kvaratsxeliya oynamayacaq. Usman Dembele, Markinyos, Nunu Mendeş və bir neçə digər futbolçunun iştirakı sual altındadır.
Əşrəf Hakimi isə komandaya qayıtmağa hazırdır.
Görəsən, “Nitsa” son uğurlu seriyasını davam etdirərək çempionu dayandıra biləcəkmi?
“Lill” – “Lion”: altı xallıq oyun və Qvardiolanın keçmiş köməkçisinin debütü
21 noyabr, saat 23:45. “Dekatlon Arena - Stad Pyer Morua”.
Turnir baxımından 11-ci turun ən mühüm görüşlərindən biri Lilldə baş tutacaq.
İkinci pillədəki “Lill” beşinci yerdə qərarlaşan “Lion”u qəbul edəcək.
Komandalar arasında dörd xal fərq var. Buna görə də qarşılaşmanın nəticəsi Çempionlar Liqasına vəsiqələr uğrunda mübarizəyə ciddi təsir göstərə bilər.
Davide Ançelottinin rəhbərlik etdiyi “Lill” ardıcıl beş turdur məğlub olmur. Komanda son iki görüşdə qələbə qazanıb.
21 xalla mövsümə başlayan şimallılar son onilliklərin ən uğurlu startlarından birini göstərirlər.
Lakin qarşıdakı rəqib onlar üçün olduqca əlverişsizdir.
“Lill” “Lion”a qarşı keçirdiyi son yeddi rəsmi matçın heç birində qalib gəlməyib, altısında məğlub olub.
Bundan əlavə, komanda bu rəqiblə son on bir ev görüşündən yalnız birində üç xal qazanıb.
Son dörd şəxsi qarşılaşmanın hamısında “Lion” üstün olub. “Lill” tarixində bu komandaya qarşı ardıcıl beş məğlubiyyət qeydə alınmayıb.
Qonaqların düşərgəsində isə mühüm dəyişiklik baş verib.
“Lion”un yeni baş məşqçisi Karlos Visensdir. İspaniyalı mütəxəssis daha əvvəl “Mançester Siti”də Xosep Qvardiolanın köməkçilərindən biri olub.
“Lill”ə qarşı oyun onun “Lion”un baş məşqçisi kimi debütü olacaq.
Matçöncəsi mətbuat konfransında Visens komandanın oyun sistemini dərhal tam dəyişmək niyyətində olmadığını bildirib.
Onun sözlərinə görə, əvvəlcə futbolçuların imkanlarını qiymətləndirmək və mövcud sistemdə müəyyən detalları təkmilləşdirmək lazımdır.
Bununla yanaşı, mütəxəssis yetirmələrindən cəsarətli və sona qədər mübarizə aparan futbol tələb edib.
Visens “Lill”lə görüşü altı xallıq qarşılaşma adlandırıb. Çünki hər iki komanda Avropa kuboklarına vəsiqə verən pillələr uğrunda mübarizə aparır.
Qonaqların heyətində Klinton Mata, Loïs Openda, Tayler Morton və Pavel Şults oynamayacaqlar. Nikolas Talyafikonun iştirakı isə dəqiq deyil.
“Lill”də Həmzə İqaman və Tyaqu Santuş oyunu buraxacaqlar.
Maraqlı statistik göstərici də var: 2026-cı təqvim ilində yalnız PSJ “Lill” və “Lion”dan çox xal toplayıb. Paris klubunun hesabında 63, digər iki komandanın isə hərəyə 50 xal var.
Beləliklə, qarşılaşma həm turnir mövqeyi, həm də yeni məşqçi amili baxımından turun əsas hadisələrindən biri olacaq.
“Lans” – “Tuluza”: yeni məşqçi və tarixi üstünlük
21 noyabr, saat 23:45. “Bollar-Delelis”.
Lansda da məşqçi debütü baş tutacaq.
Ardıcıl iki məğlubiyyətdən sonra klub rəhbərliyi Didye Diqarı komandanın baş məşqçisi təyin edib.
O, yeni vəzifəsində ilk oyununu “Tuluza”ya qarşı keçirəcək.
Hər iki komandanın hesabında 13 xal var. “Lans” 11-ci, “Tuluza” isə 12-ci pillədədir.
Şəxsi görüşlərin statistikası meydan sahiblərinin xeyrinədir.
“Lans” bu rəqibə qarşı son üç matçda qalib gəlib. Ümumilikdə isə “Tuluza” ilə on bir əvvəlki görüşündən doqquzunda üç xal qazanıb və yalnız birində uduzub.
Diqar ilk mətbuat konfransında klubun tarixinə və ənənələrinə hörmətlə yanaşacağını bildirib.
Mütəxəssis komandada əvvəlki dövrdə qurulan sistemi tamamilə dəyişmək əvəzinə futbolçuların özünəinamını və kollektiv mübarizə ruhunu bərpa etməyə çalışacağını vurğulayıb.
Yarımmüdafiəçi Mikael Kyuizans da komandanın çətin dövrdən keçdiyini etiraf edib. Onun sözlərinə görə, yeni baş məşqçi futbolçuların hücumda daha sərbəst və inamlı oynamalarını istəyir.
“Tuluza”nın baş məşqçisi Yens Bertel Askou isə rəqibin son uğursuzluqlarından yararlanmağa çalışacaqlarını bildirib.
Qonaqlar son yeddi turda yalnız bir dəfə məğlub olublar.
“Lans”ın heyətində Odsonn Eduar, Andriya Bulatoviç və Pavel Navrotski zədə səbəbindən oynamayacaqlar.
Diqar üçün bu görüş yeni komandasında müsbət başlanğıc etmək, “Tuluza” üçün isə əlverişsiz tarixi statistikanı dəyişmək imkanıdır.
“Monako” – “Oser”: beş oyunluq qələbəsizlik seriyası davam edəcəkmi?
21 noyabr, saat 23:45. “Lui II”.
Mövsümün əvvəlində liderlər arasında olan “Monako” hazırda yeddinci pilləyə enib.
Filipe Luisin komandası ardıcıl beş çempionat matçında qələbə qazana bilməyib. Bu müddətdə üç heç-heçə və iki məğlubiyyət qeydə alınıb.
Üstəlik, monakolular son dörd turda cəmi üç qol vurublar.
Əvvəlki görüşdə komanda “Le-Man” üzərində qələbəni son dəqiqələrdə əldən verərək 1:1 hesablı heç-heçə edib.
Filipe Luis həmin matçdan sonra komandasının çətin dövr keçirdiyini etiraf edib. Mütəxəssis milli fasilədən istifadə edərək futbolçuların psixoloji baxımdan yenidən toparlanmasının vacibliyini vurğulayıb.
“Monako”nun növbəti rəqibi 14-cü yerdə qərarlaşan “Oser” olacaq.
Qonaqların əsas problemi müdafiədir. Komanda on turda 24 qol buraxıb ki, bu da Liqa 1-in ən pis göstəricisidir.
Üstəlik, “Oser” “Monako”ya qarşı keçirdiyi son 12 rəsmi oyunun heç birində qələbə qazana bilməyib. Bu qarşılaşmaların doqquzunda monakolular üstün olublar, üçündə heç-heçə qeydə alınıb.
“Oser”in son qələbəsi 2009-cu ilə təsadüf edir.
Ancaq meydan sahiblərinin hazırkı forması bu tarixi üstünlüyün avtomatik qələbə ilə nəticələnəcəyinə zəmanət vermir.
“Monako”nun heyətində Aleksandr Qolovin və Ansu Fati oyunu buraxacaqlar.
Qonaqlar sürətli əks-hücumlarla rəqib müdafiəsindəki boşluqlardan istifadə etməyə çalışacaqlar.
Meydan sahibləri üçün isə bu görüş qələbəsizlik seriyasına son qoymaq baxımından mühüm əhəmiyyət daşıyır.
“Strasburq” – “Brest”: böhrandan çıxış, yoxsa uğurlu seriyanın davamı?
21 noyabr, saat 23:45. “Stad de la Meno”.
“Strasburq” mövsümün son dövründə ciddi geriləmə yaşayır.
Komanda altı əvvəlki matçın beşində məğlub olub və on xalla 13-cü pilləyə düşüb.
Ən böyük problemlərdən biri müdafiədədir. “Strasburq” artıq 22 qol buraxıb və bu göstəricidə çempionatın ən zəif komandaları sırasındadır.
Bununla belə, klubun ev oyunları nisbətən uğurlu keçir: bir qələbə, iki heç-heçə və bir məğlubiyyət.
“Brest” isə əksinə, beynəlxalq fasiləyə yaxşı formada yollanıb.
Komanda son beş turda mümkün 15 xaldan onunu qazanıb və iki matçdır qalib gəlir.
Əvvəlki turda bretонlular “Lion”u 2:0 hesabı ilə məğlub ediblər. Həmin görüşdə Ludovik Ajorq ardıcıl üçüncü çempionat matçında qol vurub.
Şəxsi qarşılaşmaların tarixi də maraqlıdır.
“Strasburq” may ayında “Brest”ə qalib gəlməklə bu rəqibə qarşı yeddi matçlıq qələbəsizlik seriyasına son qoymuşdu.
İndi meydan sahibləri həmin uğuru təkrarlamağa, qonaqlar isə son dövrlərin yaxşı formasını davam etdirməyə çalışacaqlar.
“Strasburq”da Xoakin Paniçelli, “Brest”də isə Brendan Şardonne və Le Gen meydana çıxmayacaqlar.
“Pari” – “Anje”: mövsümün sürprizi və Liqa 1-in bombardiri
22 noyabr, saat 18:00. “Stad Jan-Buen”.
Fransa çempionatının ən gözlənilməz hadisələrindən biri “Pari”nin uğurlu çıxışıdır.
Paytaxt klubu on turda 20 xal toplayıb və üçüncü pilləyə yüksəlib.
Liam Rozenyorun komandası ardıcıl iki qələbə qazanıb və hələ öz meydanında uduzmayıb.
“Pari”nin ən böyük uğur hekayəsi isə Lassina Sinayoko ilə bağlıdır.
Mali millisinin hücumçusu on görüşdə doqquz qol vurub və beş məhsuldar ötürmə edib.
Beləliklə, futbolçu komandasının 17 qolundan 14-də birbaşa iştirak edib.
Sinayoko orta hesabla hər 97 dəqiqədən bir fərqlənir. O, həmçinin on turdan sonra gözlənilən qollar (xG) göstəricisinə görə Liqa 1-in lideridir.
Doqquz oyundan sonra deyil, məhz ilk on tur ərzində doqquz qol vurmaq nəticəsinə XXI əsrdə Neymar, Edinson Kavani və Nabil Fekir kimi tanınmış futbolçular da nail olublar.
Ötən tur Sinayoko yayda ayrıldığı “Oser”in qapısına qələbə qolunu vurub.
Bu dəfə rəqib 16-cı pillədə qərarlaşan “Anje” olacaq.
Qonaqlar son beş turda cəmi bir xal toplayıblar və ardıcıl üç görüşdür qol vura bilmirlər.
Ancaq şəxsi oyunların statistikası “Anje” üçün müəyyən ümid yaradır.
Ötən mövsüm komanda “Pari”yə qarşı iki matçda qapısını toxunulmaz saxlayıb: 1:0 hesablı qələbə və 0:0 hesablı heç-heçə.
“Anje” əvvəlki çempionatda “Pari”nin iki görüşdə də qol vura bilmədiyi yeganə komanda olub.
İndi isə paytaxt təmsilçisinin heyətində Sinayoko kimi məhsuldar hücumçu var.
Görəsən, “Pari” əlverişsiz rəqibinə qarşı qol susqunluğuna son qoya biləcəkmi?
“Loryan” – “Renn”: Bretan derbisi və altı oyunluq inanılmaz seriya
22 noyabr, saat 20:15. “Stad dü Mustuar”.
Bazar gününün ən prinsipial qarşılaşması Bretanda keçiriləcək.
“Loryan” regional rəqibi “Renn”i qəbul edəcək.
Meydan sahibləri 15 xalla onuncu, qonaqlar isə 16 xalla səkkizinci pillədədirlər.
Komandalar arasındakı fərq cəmi bir xaldır. Buna görə də derbinin nəticəsi turnir cədvəlində onların yerini dəyişə bilər.
Lakin matçın ən böyük intriqası şəxsi görüşlərin nəticələridir.
“Loryan” “Renn”ə qarşı son altı oyunun hamısında qalib gəlib. Ötən mövsüm isə hər iki derbidə qapısını toxunulmaz saxlayıb.
Cari mövsümdə də meydan sahibləri yaxşı formadadırlar.
“Loryan” son beş görüşdə yalnız bir dəfə məğlub olub və mümkün 15 xaldan onunu qazanıb.
Əvvəlki turda komanda “Havr”ı səfərdə 2:0 hesabı ilə məğlub edib.
Üstəlik, “Loryan” bu mövsüm rəqib meydanlarında cəmi iki qol buraxıb. Bu, beynəlxalq fasilə ərəfəsində Avropanın beş aparıcı çempionatında ən yaxşı göstərici idi.
“Renn” isə iki məğlubiyyətdən sonra meydana çıxacaq.
Komanda əvvəlcə “Nitsa”ya 2:5, daha sonra “Lill”ə 1:2 hesabı ilə uduzub.
Bununla belə, qonaqlar hücumda kifayət qədər məhsuldardırlar. On turda 21 qol vuran “Renn” bu göstəricidə çempionatın ön sıralarındadır.
Komandanın heyətinə Esteban Lepolun qayıtması gözlənilir. Hücumçunun iştirakı “Renn”in hücum imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Qonaqlar üçün əsas məqsəd həm son məğlubiyyətlərin təsirindən çıxmaq, həm də regional rəqibə qarşı altı oyunluq uğursuz seriyanı dayandırmaqdır.
“Loryan” isə növbəti qələbə ilə Bretandakı üstünlüyünü təsdiqləməyə çalışacaq.
“Marsel” – “Le-Man”: beş qələbəlik seriya və köhnə rəqabətin qayıdışı
22 noyabr, saat 23:45. “Velodrom”.
Tur Marseldə keçiriləcək qarşılaşma ilə başa çatacaq.
Mövsümə uğursuz başlayan “Marsel” son həftələrdə ciddi irəliləyişə nail olub.
Brüno Jenezyonun komandası Liqa 1-də ardıcıl beş qələbə qazanıb.
Son turda marsellilər “Lans”ı səfərdə 2:1 hesabı ilə məğlub ediblər.
Hazırda “Marsel” 18 xalla dördüncü yerdədir və ilk üçlükdən cəmi iki xal geri qalır.
Komandanın əsas üstünlüklərindən biri məhsuldar hücum xəttidir.
“Marsel” on turda 22 qol vurub və bu göstəricidə PSJ ilə birlikdə çempionata başçılıq edir.
Hücumçulardan Amin Quiri altı qol və üç məhsuldar ötürmə ilə seçilir.
Maraqlı fakt ondan ibarətdir ki, iki sonuncu beynəlxalq fasilə arasındakı dövrdə Avropanın beş aparıcı liqasında yalnız dörd komanda bütün beş çempionat görüşünü qələbə ilə başa vurub: PSJ, “Marsel”, “Real” və “Arsenal”.
Brüno Jenezio qarşılaşmadan əvvəl heyətlə bağlı müsbət xəbərlər alıb.
Naif Agerd, Pyer-Emil Höybierq, Amin Quiri və digər əsas futbolçular milli komandalardan yeni zədə almadan qayıdıblar.
Yalnız Derek Kornelius və Emerson Palmieri oyunu buraxacaqlar.
Qonaqlar isə 15-ci pillədədirlər. “Le-Man” beş görüşdür qalib gələ bilmir və səfərdə hələ qələbə qazanmayıb.
Lakin son turda komanda “Monako” ilə 1:1 hesablı heç-heçə edərək mübarizə əzmini nümayiş etdirib.
Ervan Kola həmin matçda son dəqiqələrdə fərqlənib. Maraqlıdır ki, bu, “Le-Man”ın 2010-cu ilin aprelindən bəri Liqa 1-də matçın 60-cı dəqiqəsindən sonra vurduğu ilk qol olub.
Şəxsi görüşlərin tarixində də maraqlı məqam var.
“Le-Man” sonuncu dəfə “Marsel”ə 2007-ci ildə qalib gəlib. Həmin vaxtdan sonra keçirilən altı qarşılaşmada Marsel təmsilçisi məğlub olmayıb.
Komandaların son oyunu isə 2010-cu ildə baş tutub.
“Marsel” öz meydanında növbəti qələbəni qazanaraq liderlərə yaxınlaşmaq istəyir.
“Le-Man” üçün isə bu görüş ölkənin ən məşhur stadionlarından birində sürpriz nəticə əldə etmək imkanıdır.
11-ci tur nələri dəyişə bilər?
Fransa çempionatının qarşıdakı turunda hər oyun gününün özünəməxsus intriqası var.
Cümə günü “Trua” və “Havr” böhrandan çıxmaq üçün mübarizə aparacaqlar.
Şənbə günü əsas diqqət Nitsa və Lillə yönələcək. PSJ liderliyini qorumağa, “Lill” isə çempionluq iddialarını möhkəmləndirməyə çalışacaq.
Eyni zamanda “Lion” və “Lans” yeni baş məşqçilərlə ilk sınaqlarına çıxacaqlar.
Bazar günü isə “Pari”nin liderlər qrupundakı mövqeyini qorumaq cəhdi, Bretan derbisi və “Marsel”in qələbə seriyasını davam etdirmək istəyi diqqət mərkəzində olacaq.
Hazırkı Fransa çempionatının əsas xüsusiyyəti zirvədə komandalar arasında böyük xal fərqinin olmamasıdır.
On turdan sonra ilk altı pillədə qərarlaşan klubları cəmi altı xal ayırır.
Bu səbəbdən favoritlərdən hər hansı birinin xal itirməsi turnir cədvəlinin yuxarı hissəsində vəziyyəti dəyişə bilər.
Məhz buna görə Liqa 1-in 11-ci turu həm çempionluq yarışı, həm də avrokuboklara vəsiqələr uğrunda mübarizə baxımından böyük maraq doğurur.
İdman.Biz xəbər verir ki,
