Mourinyo rəsmən “Real”ın baş məşqçisi kimi təqdim olundu - FOTO

18 Avqust 2026 19:07
71
Mourinyo rəsmən “Real”ın baş məşqçisi kimi təqdim olundu - FOTO

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın “Real” futbol klubunun baş məşqçisi kimi rəsmən təqdim olunub.

İdman.Biz xəbər verir ki, təqdimat mərasimi bu gün, avqustun 18-də Madrid klubunun bazasında, qapalı formatda keçirilib. “Kral klubu”nun prezidenti Florentino Peres portuqaliyalı mütəxəssisi salamlayıb, daha sonra tərəflər 2029-cu il iyunun 30-dək nəzərdə tutulan üçillik müqaviləni imzalayıblar.

Mərasim zamanı Mourinyoya “Santyaqo Bernabeu” stadionunun maketi, saat və üzərində adı yazılan “Real” forması təqdim edilib. Tədbirdə klubun fəxri prezidenti Xose Martines Pirri də iştirak edib.

Bu, Mourinyonun “Real”da ikinci dönəmidir. 63 yaşlı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb. O, həmin müddətdə komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku qazanıb.

“Real” yeni mövsüm öncəsi son yoxlama oyununu avqustun 16-da keçirib. Madridlilər Almaniyada “Şalke 04”ü 3:0 hesabı ilə məğlub ediblər. Qolları Kilian Mbappe, Din Heysen və Karlos Espi vurublar.

Mourinyonun komandası yeni La Liqa mövsümündə ilk rəsmi oyununu avqustun 22-də səfərdə “Espanyol”a qarşı keçirəcək.

İdman.Biz