PSJ - “Aston Villa”: UEFA Superkubokunu kim qazanacaq? - İDMAN.BİZ-in TƏHLİLİ

12 Avqust 2026 14:34
151
PSJ - “Aston Villa”: UEFA Superkubokunu kim qazanacaq? - İDMAN.BİZ-in TƏHLİLİ

Bu gün Avropada klub mövsümünün ilk böyük kubokunun sahibi müəyyənləşəcək. Zalsburqda UEFA Çempionlar Liqasının qalibi PSJ UEFA Avropa Liqasının son qalibi “Aston Villa” ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, UEFA Superkuboku uğrunda oyun avqustun 12-də daha çox “Red Bull Arena” kimi tanınan “Stadion Salzburg”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 90 dəqiqədən sonra hesab bərabər olarsa, əlavə vaxt oynanılmayacaq və komandalar birbaşa penaltilər seriyasına keçəcəklər.

Kağız üzərində favorit göz qabağındadır. PSJ son iki mövsümdə ardıcıl olaraq Çempionlar Liqasını qazanıb, çempion heyətinin əsasını qoruyub və yayda daha da güclənib. Lakin bir məqam Superkuboku potensial olaraq birtərəfli keçə biləcək oyundan daha maraqlı qarşılaşmaya çevirir: Paris klubu demək olar ki, normal mövsümöncəsi hazırlıq keçməyib.

“Aston Villa”nın isə başqa problemi var. Unay Emerinin komandası yayda daha çox hazırlıq keçib, amma bir neçə əsas futbolçusunu itirib. Üstəlik, daha üç aparıcı oyunçu bu gün meydana çıxmayacaq.

PSJ: komanda güclüdür, hazırkı fiziki durum isə sual doğurur

Heyətləri müqayisə etdikdə Avropa çempionunun üstünlüyü kifayət qədər ciddi görünür.

Luis Enrikenin sərəncamında Usman Dembele, Xviça Kvaratsxeliya, Vitinya, Joau Neveş, Aşraf Hakimi, Nuno Mendeş, Markinyos, Fabian Ruis, Desire Due və Bredli Barkola kimi futbolçular var. Yayda Paris klubu bu qrupa “Monako”dan Maqnus Akliuşu əlavə edib və gözlənilmədən “Aston Villa”nın futbolçusu Luka Dinyeni də geri qaytarıb. Hər iki futbolçu bu gün Dinyenin sabiq komandasına qarşı debüt edə bilər. PSJ-nin nəzərəçarpan itkilərindən biri isə “Atletiko”ya keçən Li Kan İndir.

PSJ üçün əsas məsələ isə komandanın ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmasına kömək edən futbolçuların demək olar ki, hamısının heyətdə qalmasıdır. “Liverpul”la adı ciddi şəkildə hallanan Barkola da hələlik Paris klubunun futbolçusudur və Superkubok üçün sifariş ərizəsinə daxil edilib.

Məsələ futbolçuların adında deyil, fiziki hazırlığındadır.

PSJ-nin 15 futbolçusu dünya çempionatında iştirak edib. Fransa, İspaniya və Mərakeş millisinin üzvləri yalnız bazar ertəsi klubun düşərgəsinə qayıdıblar. Braziliya və Portuqaliya yığmalarının futbolçuları isə matçdan təxminən bir həftə əvvəl komandaya qoşulublar. Buna görə Luis Enrike açıq şəkildə xəbərdarlıq edib ki, hazırda PSJ-ni əvvəlki maksimum səviyyəsində görmək çətin olacaq.

Mövsümöncəsi nəticələr də bunu təsdiqləyir. Paris klubu cəmi iki yoxlama oyunu keçirib: əvvəlcə “Malyorka”ya 0:3 hesabı ilə uduzub, daha sonra “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə edib.

Yəni bugünkü PSJ olduqca güclü komandadır, amma fiziki cəhətdən hələ ən yaxşı formasında deyil.

Məhz buna görə Luis Enrike komandanın şəksiz favorit olması ilə bağlı fikirləri dəstəkləməyib. O, hazırda ətrafdakıların avtomatik olaraq PSJ-ni ən güclü komanda hesab etdiyini etiraf edib, lakin bu statusun meydanda sübut edilməli olduğunu vurğulayıb.

Kvaratsxeliya üstünlük əldə edə bilər

Bununla belə, PSJ-də qısa hazırlıq müddətinin o qədər də mane olmadığı bir futbolçu var.

Xviça Kvaratsxeliya dünya çempionatında iştirak etməyib və istirahət, eləcə də hazırlıq üçün daha çox vaxta sahib olub.

Markinyos da gürcü vingerin fiziki durumunu xüsusi qeyd edib. PSJ-nin kapitanının sözlərinə görə, Kvaratsxeliya məşqlərdə çox yaxşı təsir bağışlayır və hazırda ona qarşı müdafiə olunmaq olduqca çətindir.

Dünya çempionatından yenicə qayıdan komanda yoldaşları ilə müqayisədə Kvaratsxeliyanın fiziki təravəti Paris klubunun əsas üstünlüklərindən birinə çevrilə bilər.

“Racing Post”un analitikləri də bunu nəzərə alırlar. Onlar oyun üçün fərdi seçimlər arasında məhz gürcü futbolçunu xüsusi fərqləndirirlər.

“Aston Villa”: yayda qalib komandanın bir hissəsi dağıldı

“Villa”da vəziyyət demək olar ki, tam əksinədir.

Emerinin komandası yayda xeyli daha çox hazırlıq keçib. Asiya turunda Birmingem təmsilçisi ardıcıl olaraq “İndoneziya All Stars” və “BG Pathum Yunayted”i eyni – 3:1 hesabı ilə məğlub edib. Daha sonra “Bavariya” ilə qarşılaşmada da yaxşı təsir bağışlayıb və Almaniya çempionuna 1:2 hesabı ilə uduzub.

Lakin may ayında Avropa Liqasının finalında “Frayburq”u 3:0 hesabı ilə məğlub edən heyət artıq əhəmiyyətli dərəcədə dəyişib.

Morgan Rocers “Çelsi”yə, Yuri Tilemans “Mançester Yunayted”ə, Luka Dinyə isə birbaşa PSJ-yə keçib. Ceydon Sanço və Duqlas Luis də komandanı tərk edib. Üstəlik, Rocers son Avropa Liqası mövsümünün ən yaxşı futbolçusu seçilib, Tilemans və Rocers isə finalda qol vurublar.

Bunlar sadəcə kosmetik dəyişikliklər deyil. “Villa” oyununu müəyyənləşdirən, xətlər arasında hərəkəti, topun irəlilədilməsini və qol imkanlarının yaradılmasını təmin edən futbolçuları itirib.

Klub onların əvəzinə “Vulverhempton”dan Joau Qomeşi, “Çelsi”dən Alexandro Qarnaçonu və isveçrəli yarımmüdafiəçi Yohann Manzambini transfer edib.

Qomeş və Qarnaço bu gün debüt edə bilərlər.

Manzambi isə zədə səbəbindən meydana çıxmayacaq.

Emerinin ən ağrılı itkiləri bunlar deyil

“Villa”nın heyətindəki vəziyyət baş məşqçinin son açıqlamasından sonra daha da çətinləşib.

UEFA Superkubokunda Emiliano Martines, Ezri Konsa və Ollie Uotkinsin iştirakı dəqiq olmayacaq. Onların hər üçü dünya çempionatında çıxışını gec başa vurduğu üçün əlavə istirahət əldə edib. Amadu Onana da zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Beləliklə, kifayət qədər ağır mənzərə yaranır.

Emerinin əsas qapıçısı yoxdur.

Əsas mərkəz müdafiəçilərindən biri yoxdur.

Ötən mövsüm bütün turnirlərdə 21 qol vuran əsas hücumçusu yoxdur.

Üstəlik, yayda Rocers və Tilemans da komandadan ayrılıb.

Digər tərəfdən, kapitan Con Makqin artıq sıraya dönüb, Qarnaço isə matça hazırdır. Emerinin tələblərini uzun müddətdir bilən Bubakar Kamara, Pau Torres, Mett Kəş, Emi Buendia və digər futbolçular da komandadadır.

Makqinin fikirləri də məhz buna yönəlib. Kapitan dəyişikliklərin miqyasını etiraf etsə də, “Villa” üçün daha vacib məqama diqqət çəkib: baş məşqçi, komandanın əsas özəyi, oyun prinsipləri və ambisiyalar qorunub.

Emeri PSJ-ni favorit hesab edir

Unay Emeri finaldan əvvəl diplomatik ifadələrlə favoritliyi gizlətməyə çalışmayıb.

O, PSJ-ni favorit, Luis Enrikeni isə hazırda dünyanın ən yaxşı baş məşqçisi adlandırıb. İspaniyalı mütəxəssis bunu komandanın ardıcıl iki dəfə Çempionlar Liqasını qazanması ilə əsaslandırıb. Bununla yanaşı, Emeri vurğulayıb ki, məhz ən güclü rəqiblərlə oyunlar “Aston Villa”nın nə qədər inkişaf etdiyini göstərir.

Bugünkü qarşılaşmanın Emeri üçün şəxsi əhəmiyyəti də var.

O, Avropa Liqasını rekord sayda – beş dəfə qazanıb. Lakin UEFA Superkuboku onun üçün uğursuz turnir olaraq qalır. Emerinin 2014, 2015 və 2021-ci illərdə üç iştirakı məğlubiyyətlə başa çatıb. İndi onun qarşısında dördüncü cəhd dayanır.

Üstəlik, 2015-ci ildə onun çalışdırdığı “Sevilya”nı məhz Luis Enrikenin rəhbərlik etdiyi “Barselona” məğlub edib.

PSJ “Villa”nın nə qədər təhlükəli olduğunu artıq bilir

Paris klubunun rəqibini qiymətləndirməməsi üçün başqa bir səbəb də var.

Komandalar 2024/25 mövsümündə Çempionlar Liqasının 1/4 finalında qarşılaşıblar. PSJ ilk oyunda evdə 3:1 hesabı ilə qalib gəlib, daha sonra Birmingemdə 2:0 önə keçib və elə təsir yaranıb ki, cütün taleyi artıq həll olunub.

Lakin “Villa” üç qol vuraraq 3:2 hesablı qələbə qazanıb. PSJ yalnız ilk oyundakı üstünlüyün hesabına – iki matçın nəticəsinə görə 5:4 hesabı ilə – növbəti mərhələyə yüksəlib.

Markinyos da Superkubokdan əvvəl həmin qarşılaşmanı xüsusi xatırladıb və Emerinin komandasına qarşı oynamağın çox çətin olduğunu etiraf edib.

Bu, bugünkü oyun üçün yaxşı göstəricidir. “Villa” Emerinin rəhbərliyi altında heyət baxımından oyunu rəqib üçün çətin və taktiki baxımdan mürəkkəb mübarizəyə çevirməyi bacarır.

Bazar nə deyir?

Bukmekerlər isə nəzərəçarpacaq dərəcədə PSJ-yə üstünlük verirlər.

“bet365”in matçın dərc edildiyi vaxtdakı əmsallarına əsasən:

PSJ-nin qələbəsi – 1,75;

heç-heçə – təxminən 3,90;

“Aston Villa”nın qələbəsi – 4,50.

Yəni PSJ aşkar favoritdir, amma bu üstünlük heç də mütləq deyil.

Modellər isə daha ehtiyatlı mənzərə ortaya qoyur.

Opta-nın superkompüteri 10 min simulyasiya nəticəsində PSJ-nin 90 dəqiqə ərzində qələbə ehtimalını təxminən 45 faiz, “Villa”nın qələbə şansını 29,6 faiz, heç-heçə ehtimalını isə 25,5 faiz hesablayıb.

“Polymarket” isə PSJ-nin əsas vaxtda qələbə şansını təxminən 56 faiz, heç-heçə ehtimalını 25 faiz qiymətləndirir.

“Racing Post” isə komandaların hər ikisinin qol vurmasını ən məntiqli ssenarilərdən biri hesab edir. PSJ favorit olaraq qalır, amma Paris təmsilçisi son yeddi oyunun yalnız birində qapısını toxunulmaz saxlaya bilib. “Villa”nın isə son 10 qarşılaşmasının səkkizində hər iki komanda fərqlənib.

Matçın taleyi harada həll oluna bilər?

PSJ-nin fərdi keyfiyyət baxımından aşkar üstünlüyü var.

Əgər Vitinya və Joau Neveş yarımmüdafiənin mərkəzində nəzarəti ələ alsalar, Kvaratsxeliya, Dembele və ya Due mütəmadi olaraq qapıya üzbəüz topla təmin olunsalar, Konsanın olmadığı yenilənmiş “Villa” müdafiəsi üçün vəziyyət çox çətinləşəcək.

Lakin Avropa çempionunun fiziki durumu Emeriyə şans verir.

“Villa”nın topa sahib olmaqda PSJ-ni üstələməsinə ehtiyac yoxdur. İngiltərə təmsilçisinin əsas şansı Paris klubunun mövqeli hücumlarının ilk mərhələlərinə tab gətirmək, rəqib futbolçuları nəticəsiz şəkildə çox qaçmağa məcbur etmək və top itkilərindən sonra boş zonalara sürətli hücumlar təşkil etməkdir. Xüsusilə də ikinci hissədə oyunun tempi aşağı düşərsə.

Ancaq taktika ilə tam kompensasiya edilə bilməyəcək problem də var. Uotkins olmadan “Villa”nın sürətli əks-hücumlar üçün öyrəşdiyi əsas hədəf yoxdur. Rocers və Tilemansın gedişindən sonra isə rəqibin təzyiqini aşaraq topu fərdi şəkildə irəli daşıya bilən futbolçuların sayı azalıb.

Buna görə Superkubokun əsas intriqası bir qədər qeyri-adi görünür.

PSJ heyət baxımından daha güclüdür, amma fiziki cəhətdən daha zəif hazırdır. “Aston Villa” daha yaxşı hazırlıq keçib, lakin məhz bu gün rəqibin fiziki problemlərindən maksimum istifadə edə biləcək bir neçə əsas futbolçudan məhrumdur.

İdman.Biz-in proqnozu

Bütün bunları nəzərə alsaq, PSJ favorit olaraq qalır. Üstəlik, Martines, Konsa və Uotkinsin oynamayacağı məlum olduqdan sonra Paris klubunun üstünlüyü daha da nəzərəçarpan görünür.

Amma PSJ-ni asan qələbə gözlədiyini düşünmək doğru olmaz.

Hər şeydən əvvəl, Superkubok bir oyundan ibarətdir. Əlavə vaxt olmayacaq. Unay Emeri isə məhz belə Avropa gecələrində özünü xüsusilə rahat hiss edən məşqçilərdəndir.

PSJ üçün bu, mövsümə ötən mövsümü başa vurduğu kimi – daha bir beynəlxalq titulla başlamaq fürsətidir.

“Aston Villa” üçün isə bu oyun Avropa Liqasındakı qələbənin Emeri layihəsinin zirvəsi deyil, yeni mərhələsinin başlanğıcı olduğunu sübut etmək imkanıdır.

Bu gün Zalsburqda bəlli olacaq: avqustun ortasında daha vacib olan nədir – Avropa çempionunun sinfi, yoxsa ona meydan oxumağa hazır olmaq?

İdman.Biz