Fransanın PSJ futbol komandası “Real”ın yarımmüdafiəçisi Arda Güler üçün ciddi təkliflə çıxış edib.
İdman.Biz xəbər verir ki, “Fichajes”in məlumatına görə, Paris klubu 21 yaşlı futbolçunun transferi üçün Madrid təmsilçisinə 115 milyon avro (təxminən 228 milyon AZN) təklif edib. PSJ rəhbərliyi türkiyəli yarımmüdafiəçini əsas transfer hədəflərindən biri hesab edir.
Mənbə “Real”ın hazırda təklifi nəzərdən keçirdiyini bildirir. Güler son mövsümlərdə Madrid klubunda rolunu artırıb və Avropanın ən perspektivli gənc yarımmüdafiəçilərindən biri kimi qiymətləndirilir.
Mümkün transfer “Fənərbağça”ya da böyük gəlir gətirə bilər. Arda Güler 2023-cü ildə İstanbul klubundan “Real”a keçərkən müqaviləyə futbolçunun gələcək satışından “Fənərbağça”ya 20 faiz pay verilməsini nəzərdə tutan bənd daxil edilib. Bu səbəbdən 115 milyon avroluq transfer baş tutacağı halda Türkiyə klubu təxminən 23 milyon avro (45,6 milyon AZN) əldə edə bilər.
Qeyd edək ki, “Real” Arda Güleri 2023-cü ilin yayında “Fənərbağça”dan 20 milyon avroya, əlavə bonuslar şərti ilə transfer edib. İstanbul klubu indiyədək müqavilədə nəzərdə tutulan bir sıra bonus ödənişlərini də əldə edib.
