Nasser Əl-Xelaifi: “PSJ-nin bu mükafatı qazanması böyük qürurdur”

27 Oktyabr 2026 05:11
81
Nasser Əl-Xelaifi: “PSJ-nin bu mükafatı qazanması böyük qürurdur”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının 2026-cı ilin “Qızıl top” mərasimində kişilər arasında ilin ən yaxşı klubu seçilməsinə münasibət bildirib.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, Paris təmsilçisi ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb. Son iki mövsümdə Çempionlar Liqasını qazanan PSJ-nin prezidenti mərasimdən sonra klubun uğuru ilə bağlı bəyanat yayıb.

“PSJ-nin ardıcıl ikinci dəfə mövsümün ən yaxşı klubu mükafatını alması böyük qürurdur. Bu mükafat klubun bütün üzvlərinin gərgin əməyinin və yüksək standartlarının nəticəsidir. Baş məşqçimiz Luis Enrike və onun köməkçilərindən tutmuş idman məsələləri üzrə müşavirimiz Luis Kampoşa, futbolçularımıza və PSJ-nin inkişafı, uğurları üçün hər gün yorulmadan çalışan bütün əməkdaşlarımıza qədər hər kəsin bu nailiyyətdə payı var.

Bu axşam bu qədər futbolçumuzun fərqləndirilməsi bizim üçün böyük şərəfdir. Eyni zamanda, bu, gücümüzün nədən qaynaqlandığını göstərir: ortaq məqsəd ətrafında birləşmiş kollektivdən.

Fürsətdən istifadə edərək azarkeşlərimizə də təşəkkür etmək istəyirəm. Onların dəstəyi və ehtirası hər addımımızda bizi müşayiət edir.

Biz bu layihəni səbir və qətiyyətlə uzunmüddətli perspektivdə inkişaf etdirməyə davam edirik. Klubu, Parisi və Fransanı bütün dünyada tanıtmaq üçün eyni həvəslə irəliləyəcəyik”, - deyə Əl-Xelaifi bildirib.

İdman.Biz