İngiltərənin “Mançester Yunayted” futbol komandasının yarımmüdafiəçisi Meyson Maunt PSJ ilə keçirilən mövsümöncəsi yoxlama matçında zədə problemi yaşayıb.
İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu 1:1 hesabı ilə başa çatan görüşün ilk 20 dəqiqəsi ərzində ayağından zərbə alıb. Bundan sonra məşqçilər korpusu onu əvəzləmək qərarına gəlib.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik qarşılaşmadan sonra Mauntun vəziyyətinin ciddi görünmədiyini bildirib. İngiltərəli mütəxəssis dəyişiklik qərarının ehtiyat məqsədi daşıdığını vurğulayıb.
Maunt 2023-cü ildə “Çelsi”dən “Mançester Yunayted”ə keçdikdən sonra bir neçə dəfə zədə problemi ilə üzləşib. Buna görə klub futbolçunun vəziyyətinə xüsusi diqqətlə yanaşır.
PSJ görüşdə hesabı İbrahim Mbaye ilə açıb, “Mançester Yunayted” isə fasiləyədək Brayan Mbeumonun qolu ilə tarazlığı bərpa edib.
Qeyd edək ki, “Mançester Yunayted” mövsümöncəsi hazırlıq çərçivəsində növbəti yoxlama oyunlarını “Lids Yunayted” və “Milan”a qarşı keçirəcək. Komanda Premyer Liqada yeni mövsümə 22 avqustda “Hall Siti” ilə qarşılaşma ilə başlayacaq.
