Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Xədicə Qədəşova (57 kq), 2024-cü il Olimpiya çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaqlar.
X.Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək. H.Heydərov eyni raundda Kosovodan olan Akil Qyakovanın müqavimətini qırmağa çalışacaq.
R.Məmmədəliyev 1/16 finalda Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Adil Osmanov azərbaycan əsilli moldovalı cüdoçudur və 2017-ci ildən beynəlxalq arenada Moldovanı təmsil edir. 26 yaşlı idmançı 2024-cü il Paris Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Antalyada keçirilən “Böyük Dəbilqə” turnirinin və 2024-cü ildə Yuxarı Avstriya Qran-prisinin qalibi, həmçinin 2025-ci il Dünya Tələbə Oyunlarının çempionudur.
Osmanov 2024-cü ildə Rəşid Məmmədəliyevlə iki dəfə qarşılaşıb və hər iki görüş mötəbər turnirlərin finalına təsadüf edib. O, mart ayında Linzdə keçirilən Yuxarı Avstriya Qran-prisinin həlledici görüşündə azərbaycanlı cüdoçuya qalib gəlib. Bir neçə həftə sonra isə Antalyadakı “Böyük Dəbilqə” turnirinin finalında yenidən Məmmədəliyevi məğlub edib.
Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.
Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
