Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar ölkə kubokunda “Remo” ilə keçirilən oyundan sonra qalmaqal yaşayıb.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, hadisə Braziliya Kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasından sonra stadionun qarışıq zonasında baş verib.
Neymar matç boyu “Remo” azarkeşlərinin təhqirlərinə məruz qalıb. İkinci hissədə meydana daxil olan 34 yaşlı futbolçu tribunaların reaksiyasına əl yelləmək və öpüş göndərməklə cavab verib.
Görüş başa çatdıqdan sonra futbolçu tuneldə rəqib komandanın nümayəndələri ilə mübahisə edib. Neymar “Mübarizəni dayandırdınız! Mübarizəni dayandırdınız!” deyə qışqıraraq “Remo” tərəfini təxribata çəkib. Qarşıdurmanın böyüməsinin qarşısını almaq üçün tərəflərə müdaxilə olunub.
“Remo”nun prezidenti Antonio Karlos Teyşeyra Neymarın davranışına sərt reaksiya verib. Funksioner braziliyalı futbolçunu təhqir edərək onun azarkeşlərə yaxşı nümunə olmadığını bildirib. Neymarın stadiondan ayrıldığı avtomobil də yerli azarkeşlərin əhatəsində qalıb.
“Santos” səfər qarşılaşmasında “Remo”ya 1:0 hesabı ilə qalib gəlib. Neymar 74-cü dəqiqədə Roninin vurduğu yeganə qolun məhsuldar ötürməsini verib. İlk oyun qolsuz başa çatdığı üçün “Santos” 1:0 ümumi hesabla 1/4 finala yüksəlib.
Qeyd edək ki, Neymar bundan əvvəlki oyununda “Santos”la Venesuelanın “Universidad Sentral” futbol komandasına 4:2 hesabı ilə qalib gəlib. Qarşılaşma Cənubi Amerika Kuboku çərçivəsində keçirilib.
