İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Endrikin yay transfer dövründə komandadan ayrılması gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi 20 yaşlı braziliyalını daha çox oyun təcrübəsi qazanması üçün yenidən icarəyə göndərə bilər.
Endrikin əsas heyətdəki şansları Kilian Mbappenin əsas mərkəz hücumçusu olması və “Real”ın Karlos Espini transfer etməsindən sonra azalıb. Madrid klubu 21 yaşlı ispaniyalı futbolçunu “Levante”dən 25 milyon avroya (49 milyon manata) alıb. Espi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın “Lion” futbol komandasında keçirib. O, bütün turnirlərdə meydana çıxdığı 21 oyunda səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə verib.
İtaliyanın “Roma” futbol komandası hücumçunun xidmətində maraqlıdır. Roma təmsilçisinin Endriki satınalma hüququ ilə icarəyə götürmək istədiyi bildirilir. “Real” isə futbolçunun transfer dəyərinin aşağı düşməməsi üçün müqaviləyə geri alma hüququnun daxil edilməsini tələb edə bilər.
Endrikin “Real”la müqaviləsi 2030-cu ilin yayına qədərdir. Braziliyalı futbolçu Madrid komandasının heyətində keçirdiyi 40 rəsmi oyunda yeddi qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Endrik bundan əvvəl “Real”ın “Fiorentina” ilə keçirdiyi yoxlama oyununda meydana çıxıb və qol vurub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
