Elvin Yunuszadə: “Asiyadan da təklif almışdım, Türkiyəni seçdim”

5 Avqust 2026 13:36
70
Elvin Yunuszadə: “Asiyadan da təklif almışdım, Türkiyəni seçdim”

“Asiya klubundan da təklif almışdım. Amma düşündüm ki, Türkiyə bizə mentalitet, dil baxımından yaxındır. Eyni millətdənik. Ona görə də Türkiyə variantını seçdim”.

Bu sözləri millimizin sabiq müdafiəçisi, Türkiyənin Birinci Liqa təmsilçisi “Boluspor” klubuna keçən Elvin Yunuszadə deyib.

“Əslində “Karvan-Yevlax”da oyunların 80 faizində iştirak etmişəm. “Qarabağ”la görüşdə aldığım zədəyə görə bir müddət oynamadım. Müalicə olunduğuma görə bir az meydandan kənarda qaldım. 20 günə yaxın idi ki, danışıqlar gedirdi. Sonda razılaşdıq və bura gəldim”, - deyə Yunuszadə qol.az-a bildirib.

E.Yunuszadə iki gündən sonra Birinci Liqanın ilk turunda “Manisa” ilə qarşılaşacaq komandasında ab-havanın yaxşı olduğunu qeyd edib:

“Komandamıza yeni baş məşqçi gəlib. Təxminən 10-12 gündür buradadır. O da çalışır ki, komandanı çempionata hazırlasın. İki gündən sonra Birinci Liqda “Manisa” ilə oyunumuz var. Komandada ab-hava yaxşıdır. Çalışacağıq ki, liqada möhkəmlənək və mümkün qədər yuxarı pillələrdə olaq”.

E.Yunuszadə komandanın baş məşqçisi Daniel Ferrarın ona güvəndiyini deyib:

“Məşqçi ilə danışığımız olub. Mənə bir təcrübəli oyunçu kimi güvəni var. Bildirib ki, gənclərə də köməklik edim. Düşünürəm ki, həm mənim üçün, həm də komandam üçün hər şey yaxşı olacaq”.

İdman.Biz