Asiya Futbol Konfederasiyası (AFC) FIFA-nın dünya çempionatının kommersiya hüquqlarına özəl investisiyaların cəlb edilməsini nəzərdə tutan FIFA Forward Enterprise (FFE) layihəsi ilə bağlı narahatlığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Qurum bu məsələdə UEFA və KONKAKAF-la həmrəy olduğunu bildirib və FIFA-nın qərar qəbuletmə mexanizmlərinə yenidən baxılmasını tələb edib.
AFC hesab edir ki, futbol ictimaiyyətində yaranmış ciddi fikir ayrılığı FFE layihəsinin lazımi dəstəyi qazanmadığını göstərir.
Bəyanatda vurğulanıb ki, dünya çempionatı qlobal futbolun ən nüfuzlu turniridir və onun əsas gücü bütün konfederasiyaların və aparıcı futbol ölkələrinin birliyindən qaynaqlanır.
Konfederasiya bu birliyi təhlükə altına alan hər hansı təşəbbüsün yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
AFC-nin fikrincə, problem təkcə FFE layihəsi ilə məhdudlaşmır, eyni zamanda FİFA daxilində məsləhətləşmə və qərar qəbuletmə proseslərindəki ciddi çatışmazlıqları üzə çıxarıb. Qurum hesab edir ki, belə qlobal əhəmiyyət daşıyan qərarlar konfederasiyaların, milli assosiasiyaların və FİFA Şurasının iştirakı olmadan qəbul edilməməlidir.
Bəyanatda şəffaf idarəetmənin, vaxtında məsləhətləşmələrin və bütün maraqlı tərəflərin real iştirakının futbolun gələcəyi üçün vacib olduğu vurğulanıb.
AFC FIFA-nı idarəetmə sistemini və qərar qəbuletmə mexanizmlərini təcili şəkildə yenidən nəzərdən keçirməyə çağırıb. Konfederasiya bildirib ki, dünya çempionatı bütün futbol ailəsinə məxsusdur və onun gələcəyi yalnız bütün konfederasiyalarla milli assosiasiyaların birgə qərarları əsasında formalaşdırılmalıdır.
