DÇ-2026-ya damğa vuran qapıçının transferində problem yaranıb

31 İyul 2026 15:38
98
DÇ-2026-ya damğa vuran qapıçının transferində problem yaranıb

Kabo-Verde futbol millisinin qapıçısı Vozinyanın Çilinin “Kolo-Kolo” futbol komandasına keçidinin rəsmiləşməsi gecikir.

İdman.Biz “AS”a istinadən xəbər verir ki, tərəflər arasında razılıq qüvvədə qalsa da, 40 yaşlı qolkiper sənədləşmə ilə bağlı yaranan problem səbəbindən Çiliyə gedə bilməyib. Onun cümə axşamı Santyaqoya çatması planlaşdırılsa da, futbolçu nəzərdə tutulan reyslə yola düşməyib. Bu isə transferin baş tutmaya biləcəyi ilə bağlı iddialara səbəb olub.

Vozinyanın yaxınları danışıqlarda hər hansı problemin olmadığını bildiriblər. Gecikmənin əsas səbəbi viza və digər sənədlərin hazırlanmasıdır. Kabo-Verdedə Çilinin konsulluğunun olmaması səbəbindən prosedurlar Portuqaliya vasitəsilə həyata keçirilir. Qapıçının Portuqaliya vətəndaşlığına sahib olmaması isə prosesi uzadır.

Futbolçunun ətrafında sənədləşmənin yaxın günlərdə tamamlanacağına ümid edirlər. Vozinyanın Çiliyə bazar günü yola düşməsi nəzərdə tutulur.

Xatırladaq ki, təcrübəli qapıçı DÇ-2026-da Kabo-Verde millisinin heyətindəki çıxışı ilə böyük diqqət qazanıb və turnirdən sonra sosial şəbəkələrdə populyarlığı kəskin artıb.

İdman.Biz